“İran əvvəlki imkan və potensialını itirib” - Politoloqdan AÇIQLAMA

 12:28 12.08.2025     172

İran Prezidenti Məsud Pezeşkianın Zəngəzur Dəhlizi ilə bağlı müsbət fikirləri İslam İnqilabı Keşişçiləri Korpusunun (SEPAH) narahatlığına səbəb olub.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, bu gün İran hakimiyyəti daxilində müəyyən haçalanma hiss olunur.

"Bir tərəfdə Ali Dini Rəhbər Əli Xamneyinin tərəfdarları və ona tabe olan SEPAH qüvvələri dayanır. Digər tərəfdə isə prezident Məsud Pezeşkian və onun komandası mövcuddur. Bu qarşıdurma bəzi məsələlərdə, xüsusilə də Vaşinqton anlaşmasına münasibətdə açıq şəkildə görünür. Məsələn, Xamneyinin siyasi və təhlükəsizlik məsələləri üzrə müşaviri Əli Əkbər Vilayəti açıq şəkildə bildirib ki, İran bu anlaşmaya qarşıdır. Lakin Pezeşkian qeyd edib ki, əgər sərhəd təhlükəsizliyi pozulmur və sərhədlərdə dəyişiklik baş vermirsə, narahatlıq üçün səbəb yoxdur. Bu, mövqelər arasındakı fərqi açıq şəkildə göstərir".

Politoloq qeyd etdi ki, SEPAH-ın prezidentə qarşı sərt mövqe tutması, İran daxilində ciddi rəqabət və siyasi gərginliyin göstəricisidir.

"Lakin mən düşünmürəm ki, bu vəziyyət Tehran-Bakı münasibətlərinə ciddi təsir göstərə bilər. Onsuz da İran əvvəlki imkan və potensialını itirib. Üstəlik, bu müqavilənin tərəflərindən biri Amerika Birləşmiş Ştatlarıdır. Yaxın vaxtlarda İsraillə baş verən 12 günlük müharibədə də İran, əslində, ABŞ və İsrailin müəyyən balans siyasəti nəticəsində daha böyük zərərdən qurtuldu.

Ona görə hesab edirəm ki, İran bu istiqamətdə kəskin addımlar atmayacaq. Ənənəvi olaraq bəyanatlar veriləcək, bəlkə də mitinqlərdə bayraqlar yandırılacaq, “Amerikaya ölüm”, “İsrailə ölüm” kimi şüarlar səslənəcək. Amma bütün bunlar real siyasi prosesə çevriləcək qədər təsirli olmayacaq. Bununla yanaşı, hər vəziyyətdə, İran daxilində anti-Azərbaycan qüvvələrinin mövcud olduğu bu açıqlamalar və addımlarla bir daha təsdiqini tapır", - deyə Samir Hümbətov fikrini yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən