"Övlad fars dilində oxuyacaqsa, qərarın əhəmiyyəti yoxdur" - AÇIQLAMA

 19:00 13.08.2025     124

İranda türk adlarına qoyulan məhdudiyyətlərlə bağlı azərbaycanlıların başlatdığı “Balamın adı” kampaniyası çərçivəsində Prezident Məsud Pezeşkiana məktub ünvanlanıb. 15 761 nəfərin imzaladığı petisiyaya cavab olaraq prezident məsələni araşdırmaq və məhdudiyyətlərin aradan qaldırılması üçün müvafiq qurumlara göstəriş verib.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan bildirdi ki, İran prezidenti Məsud Pezeşkianın adla bağlı İran vətəndaşlarının qeydiyyat idarəsinə verdiyi tapşırıq təkcə Azərbaycan türklərinə aid deyil.

"Ümumiyyətlə İranda ermənilərdən xristianlardan, yəhudilərdən başqa ərəblərə, kürdlərə, baluşlara və fars olmayan digər etnik qruplara məhdudiyyətlər tətbiq olunur. Ona görə də bu qaydanın yalnız türklərə tətbiq olunacağını söyləmək müəyyən mənada sadəlövhlük olar. Digər tərəfdən, bu qərar hələ icra olunmayıb".

Müsahibimiz əlavə etdi ki, qərarın icrası üçün vətəndaşın qeydiyyat idarəsinin təlimatındakı uyğun maddə ləğv edilməlidir:

"Həmin maddə ləğv edildikdən sonra Pezeşkianın tapşırığının icrasına başlanıla bilər. Bundan əlavə, bu qərarı şişirtməyə zərurət yoxdur. Çünki Məsud Pezeşkian prezident seçkisi öncəsi kampaniya zamanı türk dilində məktəblərin açılacağına və fars olmayan digər etnik qrupların dilində təhsil veriləcəyinə vəd vermişdi. İndiyə qədər bu vədlər icra olunmayıb. Türkcə övladına ad qoyan valideyn, məsələn Orxan adını qoysa da, həmin övlad məktəbdə fars dilində oxuyacaqsa, bu qərarın əhəmiyyəti demək olar ki, yoxdur", - deyə politoloq qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən