Azərbaycanda deputat atasının yerinə partiya sədri olacaq - FOTO

Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı postunu qızı, deputat Günay Ağamalıya təhvil verə bilər. O, bu barədə özü açıqlama verib.
Redaktor.az xəbər verir ki, məsələ ilə bağlı Günay Ağamalı demokrat.az-a bildirib ki, partiya sədrliyinə namizəd olacağı doğrudur:
“Bəlli olduğu kimi bir neçə ay öncə Ana Vətən Partiyasının sədrinin təşəbbüsü ilə bu ilin oktyabr ayında partiyanın növbədənkənar qurultayı keçiriləcək. Partiyanın sədri Fəzail Ağamalı sədrlikdən istefa vermək fikrindədir. Qurultayda sədrin istefasından sonra yeni sədrin seçilməsində namizədliyimi irəli sürmək fikrindəyəm. Əlbəttə, son söz qurultayındır”.
Xatırladaq ki, Fəzail Ağamalı Milli Məclisin 6 çağırış deputatı olub. O, ötən ilin sentyabrında keçirilən parlament seçkilərinə qatılmayıb. Son seçkidə keçmiş deputatın qızı Günay Ağamalı namizədliyini irəli sürüb və 65 saylı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən mandat qazanıb.