"Yaxın Şərqdəki münaqişəni həll etməyin yolu iki dövlətli həlldir"

"Sülhə nail olmaq üçün öncə ədalətli yanaşma olmalıdır. Münaqişələrin həllində dominant olacaq məsələ beynəlxalq hüquq prinsipləri olmalıdır. Ancaq Rusiya, Ukrayna, eyni zamanda Qəzzadakı Həmas-İsrail qarşıdurmasında biz nə beynəlxalq hüquq predmeti, nə də bir ədalətli yanaşmanı görmürük".
Bu fikirləri Redaktor.az-a politoloq Natiq Miri dünyada baş verən münaqişələrdən danışarkən bildirdi.
"Donald Trampın ən böyük yanlışı burdadır. Bu gün İsrail Qəzzada kütləvi insan qırğınına səbəb olur və bu hər gün davam edir. Paralel bu sadəcə silahla edilmir. Bu gün Qəzzə əhalisi blokada vəziyyətində acılıqdan əziyyət çəkir və aclıqdan ölənlərin sayı artıq durmadan artır. Bunlar açıq şəkildə soyqırım nişanələridir. Çox maraqlıdır ki, fələstinlilərin öldürülməsi üçün verilən silahı təchiz edən Donald Trampdır. Yəni bir tərəfdən İsrailə ən müasir silahları, dağıdıcı silahları, konvensial öldürücü silahları verəcəksən, o biri tərəfdən bir də müharibənin bitməsini istəyəcəksən. Bu birtərəfli qaydada tərəfli yanaşmadır. İsraildən yana tərəfli yanaşmadır. Təbii ki, bunu Fələstin, Həmas, ərəb ölkələri, o cümlədən Fələstini dəstəkləyən dövlətlər qəbul etmir və etməyəcək. Ona görə bu münaqişə uzanır".
Politoloqun fikrincə, Rusiya-Ukrayna müharibəsində yanlış yanaşma var.
"Donald Tramp hakimiyyətə gələndən sonra Rusiya ilə münasibətləri, xüsusilə də Ukrayna-Rusiya müharibəsi kontekstində yanaşması beynəlxalq hüququ rədd edərək olub. Beynəlxalq cinayət məhkəməsinin Rusiya Prezidenti Vladimir Putinin həbsi ilə bağlı order qərarı var. Donald Tramp bu orderi gözardı edərək, ayrıca Ukrayna ərazisinin işğalı faktını rədd edərək, Rusiya, Ukrayna torpaqlarının peşkəş edilməsi kontekstində müharibənin bitməsini istəyir. Bunu bu günə kimi döyüşən, Rusiya ordusu qarşısında dörd ilə yaxın dirəniş göstərən Ukrayna xalqı, əsgərləri, ordusu, dövlət başçısı bunu qəbul etməz. Bunu dəstəkləyən digər qərb dövlətləri qəbul etməz. Ona görə yanaşma fundamental səhvdir. Hətta qısa müddətli atəşkəs, ya münaqişənin dondurulması mümkün olmuş olsa da, bunlar perspektivdə yenidən partlayacaq minalardır. Bunu heç kəs unutmasın. Ola bilər, bu gün təcili qaydada atəşkəsin təmin olunması üçün Ukraynanın istənilən bir ərazisinin Rusiyaya verilməsinə Donald Tramp razı ola bilər. Çünki oktyabra qədər Nobel sülh mükafatı məsələsini həll etmək istəyindədir".
Müsahibimiz bildirdi ki, Donald Tramp zamana qarşı oynayır:
"Onun üçün Ukrayna torpaqları, əhalisi, ölənlər heç bir maraq kəsb etmir. Ona görə bu münaqişələrin həlli məsələsi uzanır. Rusiya rəhbərliyi elə bir zehniyyətə malikdir ki, onlar yalnız və yalnız güc dilindən anlayır. Qarşısında da birlik nümayiş etdirən qlobal bir güc görməyənə qədər əlbəttə Rusiya sülh masasına və atəşkəs masasına oturmayacaq. Ona görə də Qəzzadakı bu qırğınlar davam edir. Rusiya-Ukrayna müharibəsini dayandırmaq mümkün olmur. Yəni bu yanlış bir siyasətdir. Bu konkret korporativ maraqlara söykənən bir siyasətdir ki, bəzi lokal əməliyyatlarda özünü doğrultdu. Deyək ki, Hindistan-Pakistan toqquşması qısa müddətli oldu. Müdaxilə ilə dayandırıldı və bunun uzanmasına imkan verilmədi. Hər iki tərəf bu gerçəyi anladı. Eyni zamanda Kamboca-Tayland arasında da qısa müddətli doqquşma dayandırıldı. Azərbaycan-Ermənistan münaqişəsi uzun müddətli olmuş olsa da bu ona görə mümkün oldu ki, Azərbaycan-Ermənistan rəhbərliyi arasında artıq bir çox anlaşmalar sülhü çox yaxınlaşdırmışdı. İkili müstəvidə danışıqlar konkret müəyyən nəticələrə gətirib çıxarmışdı. Onsuz da bölgədə Azərbaycanın iradəsi ilə bir sülh şəraiti, sabitlik mövcud idi. Müharibə yox idi, lokal əməliyyatlar keçirilmirdi, insanlar ölmürdü. Yəni bu sabitlik mövcud idi. 30 illik münaqişəni Donald Trampın asanlıqla həll etdi. Bunu hər kəs anlayır ki, bu belə deyil. Ona görə də bu münaqişələr, buradakı vəziyyət Ukrayna-Rusiya və Yaxın Şərqdəki müharibələrdən fərqlidir. Eyni zamanda yanaşma tərzi də fərqlidir. Burada ədalətli olmayana qədər bu münaqişələri uzun müddətli həll etmək mümkün olmayacaq".
Natiq Mirnin sözlərinə görə, Yaxın Şərqdəki münaqişəni həll etməyin yolu iki dövlətli həlldir:
"Bununla bağlı BMT-nin Təhlükəsizlik Şurasının 67-ci il qətnaməsi var. Buyurub bunu həll etsinlər, beynəlxalq hüquq bunu tələb edir. Ancaq fikir verirsinizsə, bunu nə İsrail istəmir, nə də Amerika Birləşmiş Ştatları İsrailin istəyinə uyğun davranır. Problem burdadır. Bu həmin Trampdır ki, birinci prezidentlik dönəmində beynəlxalq hüquqa tüpürərək Suriyanın ərazisi olan Qolan təpələrini İsrailin tərkib hissəsi kimi tanıdı. İşğal torpaqlarını rəsmiyyətə çevirdi və tanıdı. Ona görə beynəlxalq və hüquq, hüquq anlayışı, ədalət anlayışı Donald Tramp üçün heç nə ifadə etmir. Bu gün Azərbaycana yönəlik bəzi korporativ maraqlar kontekstində Donald Tramp addımlar ata bilər və bu kontekstdə bizim xoşumuza gələ bilər. Ancaq reallıqda bunlar, yəni ədalət, hüquq anlayışları Donald Tramp üçün tərs mütənasibdir".
Aytəkin TOFİQQIZI