"İsrail İranı, “Hizbullah”ı və Suriyanı təhlükə mənbəyi sayır" - Politoloq

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Eyal Zamir İsrailin Qəzza zolağına hücum planını təsdiqləyib.
Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən politoloq Qəvami Sadıqbəyli bildirdi ki, bu qərar bir daha göstərir ki, rəsmi Təl-Əviv hazırkı mərhələdə sülh danışıqlarına deyil, hərbi üstünlüyün qorunmasına üstünlük verir.
Müsahibimizin fikrincə İsrailin sülhə yanaşmamasının bir sıra səbəbləri var:
"İsrail rəhbərliyi Qəzzadan gələn raket hücumlarını və silahlı qruplaşmaların fəaliyyətini milli təhlükəsizlik üçün birbaşa təhdid sayır. Eyal Zamir də daxil olmaqla hərbi-siyasi rəhbərlik, əməliyyatları “önləyici müdafiə” tədbirləri kimi əsaslandırır. İsrail hökumətində sağçı və millətçi qüvvələrin dominantlığı kompromislərə meyli azaldır. Onların seçici bazası sərt mövqeni dəstəkləyir və hərbi güzəştlərin təhlükəli ola biləcəyinə inanır. Keçmiş razılaşmaların dəfələrlə pozulması tərəflər arasında inamsızlıq yaradıb. İsrail rəhbərliyi hesab edir ki, hərbi üstünlük olmadan qarşı tərəf güzəştə getməyəcək. İsrail yalnız Qəzzanı deyil, İranı, “Hizbullah”ı və Suriyanı da təhlükə mənbəyi sayır. Qəzzadakı əməliyyatlar həm də bu aktorlara qarşı güc nümayişi kimi qiymətləndirilir. ABŞ-nin siyasi və hərbi dəstəyi BMT və digər qurumların çağırışlarının təsirini azaldır. Bu da İsrailin sülh masasına oturma motivasiyasını zəiflədir. Nəticə etibarilə, Eyal Zamirin təsdiqlədiyi hücum planı İsrailin təhlükəsizlik konsepsiyasının bir hissəsi kimi təqdim olunur, amma bu yanaşma regionda davamlı sülhün bərqərar olmasını daha da çətinləşdirir".
Nuriyyə NATİQQIZI