"Tramp sahibi olmadığı torpaqları Rusiyaya verə bilməz" - Zərdüşt Əlizadə

Ukrayna Prezidenti Volodimir Zelenski Amerika Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında Alyaskada keçiriləcək görüşün nəticələrini tanımayacağını bəyan edib.
Redaktor.az-a danışan politoloq Zərdüşt Əlizadə bildirdi ki, Tramp sahibi olmadığı torpaqları, əraziləri Rusiyaya verə bilməz.
"Torpaqların, ərazinin sahibi Ukrayna dövlətidir. Rusiya-Ukrayna cəbhəsində vəziyyət çox gərgindir. Rusiya hücumunu genişləndirir, yeni ərazilər işğal edir. Amma hər halda bu, Ukrayna xalqının, Ukrayna hökümətinin səlahiyyətindədir ki, cəbhədəki vəziyyəti dəyişdirsin. Yeni əlavə bir çağırış, səfərbərlik eləsin. Görüş Trampla Putin üçün vacibdir".
Onun fikrincə, Putin və Trampın qəbul eləyəcəkləri qərarlar Ukrayna xalqı üçün vacib deyil.
"Vaxtilə 90-cı illərin əvvəllərində Azərbaycan Ermənistana məğlub oldu və Ermənistan Azərbaycanın 15-17 faiz torpağını işğal etdi. Sonradan təxminən 25 il ərzində Avropa dövlətləri bizə israrla məsləhət gördülər ki, biz məğlubiyyətimizlə barışaq və torpaqların qaytarılması məqsədini qarşımıza qoymayaq. Amma Azərbaycan bunu etmədi. Azərbaycan hazırlaşdı və 20-ci ildə ordu işğalçını, təcavüzkarı torpaqlarımızdan çıxartdı. 22-ci ildə də məsələni tamamilə bağladı. İki dövlət Ermənistanla Azərbaycan sülh müqaviləsinin bağlanması ərəfəsindədir. Bu seçimi Ukrayna da edə bilər. Putinlə Trampın əldə edəcəkləri razılaşmalarbUkrayna xalqı üçün qanun deyil. Ukrayna xalqının öz istəyi, öz qərarıdır", - deyə Zərdüşt Əlizadə vurğuladı.
Aytəkin TOFİQQIZI