“İranın əsas narahatçılığı Türk dünyasının birliyi ilə bağlıdır” - Politoloq

 18:19 14.08.2025     95

"İranın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilk gündən etibarən mənfi olub. İran bu mənfi mövqeyini hər nə qədər beynəlxalq sərhədlərin dəyişdirilməsinin yolverilməzliyi ilə pərdələməyə çalışsa da, əslində narahatlığın bu olmadığı hər kəsə məlum idi".

Bu fikirləri Redaktor.az-a politoloq Yusif Bağırzadə İranın Zəngəzur dəhlizinə olan münasibətindən danışarkən bildirdi.

Onun sözlərinə görə, Zəngəzur dəhlizi özündə hər hansı bir ölkənin ərazi bütövlüyü, suverenliyinə təhdidi və ya sərhədlərin dəyişdirilməsini ehtiva etmir.

"İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının səbəbləri tamam başqadır. Rəsmi Tehran başa düşür ki, Zəngəzur dəhlizinin çox böyük regional və beynəlxalq əhəmiyyəti vardır. Belə ki, nəzərdə tutulan kommunikasiyalar açılandan sonra Qafqazın iqtisadi mənzərəsi və geosiyasi konfiqurasiyası dəyişəcək. İran qorxur ki, Zəngəzur dəhlizi açıq olarsa, İran öz ərazisindən malların tranzitindən əldə etdiyi gəliri itirəcək. Digər səbəb isə İranın daşınan mallar üzərində müəyyən nəzarəti və Azərbaycana təsir rıçaqlarını itirmək qorxusudur. Amma bu da əsas səbəb deyil".

Müsahibimizin sözlərinə görə, İran Zəngəzur dəhlizinin açılması ilə iqtisadi sahədə itirməkdən daha çox qazanmaq imkanı əldə edə bilər:

"Belə ki, Zəngəzur dəhlizinin işə düşməsi ilə İran dəmir yolu ilə Fars körfəzindən Qara dənizə çıxış imkanı əldə edəcək. Digər tərəfdən isə həm İran, həm də Rusiya bir-birilə dəmir yolu əlaqəsi yarada biləcəklər. Hazırda Cənubi Qafqazdan İranı Rusiya ilə birləşdirən dəmir yolu yoxdur və İran bu yolun açılması ilə öz müttəfiqi Rusiya ilə də dəmir yoluna sahib olmaq imkanı əldə edəcək.

İranı ən çox qorxudan odur ki, Zəngəzur dəhlizinin açılması ilə bölgədə Azərbaycan-Türkiyənin mövqeyi daha da möhkəmlənəcək və Türk dünyasının birliyi üçün yeni imkanlar açılacaq. Yəni İranın əsas narahatçılığı Türk dünyasının birliyi ilə bağlıdır. İran rəsmiləri Zəngəzur dəhlizinin nəticə etibarilə Türk dövlətləri arasında əlaqələrinin inkişafından, Türkiyənin Qırğızıstan, Özbəkistan, Qazaxıstan, Türkmənistan kimi ölkələrlə əlaqələri genişləndirmə imkanı əldə etməsindən və bu birliyin Cənubi Azərbaycanda milli oyanışa təsirindən narahatdırlar".

Politoloq vurğuladı ki, narahatlıqların heç bir faydası yoxdur:

"Qərar qəbul olunub, müvafiq addımlar atılıb və İranın da bu reallıqları qəbul etməkdən başqa yolu qalmayıb. İranın siyasi hakimiyyəti artıq reallıqları dərk edərək Zəngəzur dəhlizinin əleyhinə olmayan bəyanatlarla çıxış edir. Dini hakimiyyət isə hələ də reallıqları qəbul etməklə bağlı problemlər yaşasa da, onların artıq qəbul olunmuş qərarlara təsir göstərmək imkanları yoxdur. Çünki ortada həm də ABŞ amili var".

Aytəkin TOFİQQIZI

 

Vumart və Güvən reklamı Vumart Güvən