“Xalq-iqtidar birliyinin tam formalaşdığı Azərbaycan möhkəm əllərdədir” - Deputat

“ABŞ Prezidenti Donald Trampın dəvəti əsasında baş tutan Azərbaycan Prezidenti cənab İlham Əliyevin Vaşinqtona səfərinin yalnız ölkəmiz üçün deyil, bütövlükdə region üçün tarixi əhəmiyyət daşımasına baxmayaraq bu uğura erməni lobbisi ilə yanaşı, daxili marjinal siyasi qruplar da sevinmədi. Sosial dayaqlarını tamamilə itirən marjinal qruplar hər vəclə Azərbaycanın uğurlarına kölgə salmağa çalışırlar”.
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov marjinal siyasi qrupların Azərbaycanın uğurlarına kölgə salmasından danışarkən bildirdi.
“AXC-Musavat iqtidarının səriştəsiz idarəetməsi nəticəsində dağıdılan iqtisadiyyat bərpa olunduğu kimi, o dövrdə itirlən torpaqlarda da artıq geniş miqyaslı quruculuq və bərpa işləri aparılır. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü və suverenliyni tam bərpa edilməklə yanaşı, xarici siyasətdə də yeni uğurlara imza atılmaqdadır.
Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Artıq Zəngəzur dəhlizinin reallaşması ilə bağlı işlər sürətlənməkdədir. Azərbaycan Prezidentinin uzaqgörən siyasəti və qətiyyəti nəticəsində Qafqazda yeni bir tarix yazılır. Bu tarix region üçün inkişaf və əməkdaşlıq səhifəsi açmaqdadır. Bunu qəbul etməyən marjinal siyasi qruplar isə hələ də kənarda dayaqlar axtarmağa çalışırlar. Bu cəhdlər isə əbəsdir. Xalq-iqtidar birliyinin tam formalaşdığı Azərbaycan möhkəm əllərdədir”, - deyə Vüqar Bayramov vurğuladı.
Xədicə BAXIŞLI