"Tramp Putin və Zelenski ilə görüşə hazırlaşır: ABŞ vasitəçilik rolunu gücləndirir"

ABŞ Prezidenti Donald Tramp, rusiyalı həmkarı Vladimir Putin və ukraynalı həmkarı Volodimir Zelenskinin münaqişənin həlli barədə razılığa gələcəklərinə inandığını bildirib. O, hər iki liderlə birlikdə keçirəcəyi görüşə bəzi Avropa liderlərinin də dəvət oluna biləcəyini qeyd edib.
Mövzu ilə bağlı Redaktor.az -a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Trampın açıqlaması sonrakı mərhələdə ABŞ-nin münaqişənin həlli prosesində vasitəçi rolunu daha da gücləndirmək niyyətində olduğunu göstərir.
"Onun həm Putin, həm də Zelenski ilə eyni masaya oturacağı barədə mesajı müharibənin siyasi həllinə dair yeni bir kanalın açılacağı ehtimalını artırır. Lakin burada diqqətçəkən məqam odur ki, Tramp görüşün formatını tam açıqlamır və Avropa liderlərinin dəvəti məsələsini qeyri-müəyyən saxlayır.
Bu, ABŞ-nin danışıqları daha çox ikitərəfli və Amerika mərkəzli müstəvidə aparmaq istədiyinə işarədir. Putin və Zelenskinin eyni masa arxasında toplaşması, simvolik olaraq böyük əhəmiyyət kəsb etsə də, real nəticə üçün ciddi zəmanət deyil. Çünki Moskva və Kiyev arasında mövqelər hələ də diametral şəkildə ziddir".
Siyasi şərhçi qeyd etdi ki, Trampın üslubu isə daha çox optimist ton daşıyır və ictimai rəyin yumşaldılmasına hesablanıb.
"Əslində bu cür açıqlamalar vasitəsilə o, həm beynəlxalq medianın diqqətini cəlb edir, həm də ABŞ-nin “barışdırıcı” imicini möhkəmləndirir. Ancaq Avropa İttifaqının prosesdə kənarda qalması, xüsusilə Fransa və Almaniyanın diplomatik narazılığına səbəb ola bilər. Eyni zamanda, belə bir format Rusiya üçün də cəlbedici ola bilər, çünki ABŞ ilə birbaşa masaya oturmaq Moskva üçün geosiyasi baxımdan prestij sayılır. Ukrayna isə bu görüşdə həm siyasi, həm də hərbi dəstəyin zəifləməməsinə diqqət yetirəcək. Trampın “ola bilsin ki, yox” kimi qeyri-müəyyən ifadələri onun diplomatik manevr sahəsini geniş saxlayır. Bu, həm də danışıqların gedişində istənilən anda formatı dəyişmək imkanı verir.
Hər halda, belə bir üçtərəfli görüş baş tutarsa, bu, 2022-ci ildən bəri ilk belə təmas olacaq. Əsas məsələ isə real kompromisə gedilib-gedilməyəcəyi və əldə ediləcək razılaşmanın tərəflər vasitəsilə icra olunub-olunmayacağıdır. ABŞ bu prosesdə həm müharibəni dayandırmaq, həm də Avropaya öz diplomatik çəkisini göstərmək məqsədi güdür. Lakin siyasi tarix göstərir ki, bu miqyaslı münaqişələrdə bir görüşlə yekun nəticə əldə etmək çox nadir hallarda mümkündür",- deyə Tural İsmayılov bildirdi.
Xədicə BAXIŞLI