“Bu hadisədən dərs çıxarmaq Rusiyanın borcudur” - Deputat

Prezident İlham Əliyev “Fox News”a müsahibəsində vurulan AZAL təyyarəsi ilə bağlı bunun qəsdən olmadığını, yalnız etiraf, cəza və təzminat tələb etdiklərini bildirib.
Mövzu ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirdi ki, hökumətin bu məsələdə mövqeyi lap əvvəldən aydın və dəqiq olub.
"Prezident heç vaxt qarşı tərəfə qəsdən təyyarəni vurmaq ittihamı irəli sürməyib. Lakin vurulan təyyarəyə görə, ən azı mədəniyyət naminə üzr istənilməli, kompensasiya ödənilməli və əməli törədənlər cəzalandırılmalı idi. Qəsdən edilməsə belə, hadisəyə görə məsul şəxslərin cəzalandırılması vacib idi. Rusiya tərəfinin məsələyə laqeyd yanaşması o vaxt da, indi də sərt reaksiya ilə qarşılanıb. Bu hadisədən dərs çıxarmaq və qonşu ölkə kimi səmimi davranmaq Rusiyanın borcudur. Əks halda, “Sən mənim təyyarəmi vurasan, həm də mənimlə dost qalasan” prinsipi anlaşılan olmaz. Bu baxımdan, prezident əvvəlki mövqeyini yenə də aydın və açıq şəkildə ifadə edib", - deyə deputat vurğulayıb
Xədicə BAXIŞLI