"İlin sonuna qədər təzyiqlər artsa, Rusiya daha böyük güzəştlərə məcbur olacaq" - ŞƏRH

"ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenskinin görüşünün əsas mövzusu Donbas məsələsidir. Tramp istəyir ki, Ukrayna Donbası Rusiyaya versin və bunun müqabilində sülh müqaviləsi imzalansın. Burada nə Krım, nə də Mariupol gündəmə gətirilmir. Hətta Ukraynanın nəzarətində olan Donbas bölgələrinin də Rusiyaya verilməsi tələb olunur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə "ABŞ Prezidenti Donald Trampla Ukrayna Prezidenti Volodimir Zelenski arasında keçiriləcək görüşdən danışarkən bildirdi.
"Zelenskinin bölgələrin Rusiyaya verilməsinə razı olacağını düşünmürəm. Avropa liderləri də bu mövqeyə qarşı çıxır. Çünki Rusiyaya güzəşt edilməsi Avropanın təhlükəsizlik arxitekturası üçün ciddi təhdid yaradır. Əvvəlcə Putin bütün Ukraynanı işğal etməyi planlaşdırırdı, lakin gördüyü təzyiqlərdən sonra yalnız Donbasla kifayətlənməyə çalışır".
Müsahibimizin fikrincə, ilin sonuna qədər Rusiyaya qarşı hərbi-iqtisadi təzyiqlər artsa, Moskva daha böyük güzəştlərə məcbur olacaq.
"Sadəcə, Tramp bu məsələdə tələskənlik edir. Avropa liderləri onun siyasi mövqeyinə təsir göstərməyə çalışacaqlar. Çünki Krımın Rusiya tərəfindən ilhaqı, üstəlik Donbasın da verilməsi Ukraynanın parçalanması və beynəlxalq hüququn açıq şəkildə pozulması deməkdir. Ona görə də bu görüşdən müsbət nəticə gözləmirəm",- deyə Məhəmməd Əsədullazadə qeyd etdi.
Xədicə BAXIŞLI