"ABŞ əlində olan iqtisadi, hərbi, siyasi təzyiq mexanizmlərini Rusiyaya qarşı tam istifadə etmədi" - Deputat

"Əvvəlcədən aydın idi ki, Amerika Birləşmiş Ştatları ilə Rusiya Federasiyasının prezidentləri arasında keçirilən görüş nəticəsiz qalmağa məhkumdur. Çünki görüşdə ortaq təmas nöqtələri tapmaq üçün şərtlər nə döyüş meydanında, nə də diplomatik masasında hələ formalaşmayıb".
Bu fikirləri Redaktor.az-a Milli Məclisin deputatı Hikmət Babaoğlu Amerika Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçirlən görüşdən danışarkən bildirdi.
"Bu görüşdə Putin vaxt tutmağı bacardı. Özünün davranışları ilə qalib olduğunu bütün dünyaya nümayiş etdirməyə çalışdı. Eyni zamanda bir daha müharibənin başlandığı 2022-ci il fevral ayının 24-də səsləndirdiyi fikirləri yenidən səsləndirməklə öz mövqeyindən bir addım da geri çəkilməyəcəyini bəyan etdi. Üstəlik, müharibə başlananda əgər məqsəd sadəcə Donbas üzərində nəzarəti əldə etmək idisə, bu gün daha iki region, yəni Luqanski, Donetskidən başqa, Zaporojiya və Xerson üzərində də böyük miqyasda Rusiyanın hərbçilərinin nəzarət imkanları var. Bu da azmış kimi, Xarkov vilayəti də, Sumi vilayətinin də bir hissəsini ruslar nəzarət etməyi bacarıblar. Bundan sonra Rusiya Federasiyasının prezidenti bəyan etmişdi ki, rus əsgərinin dəydiyi hər yer bizimdir".
Müsahibimiz qeyd etdi ki, belə olan halda görüş nəticəsiz qalacaqdı.
"Çox təəssüf ki, Amerika Birləşmiş Ştatları da əlində olan iqtisadi, hərbi, siyasi təzyiq mexanizmlərini Rusiyaya qarşı tam istifadə etmədi. Əksinə, Rusiyanın bəzi hərəkətlərinə bəraət qazandırmaqla Zelenskini, yəni işğala məruz qalan ölkənin prezidentini küncə sıxışdırdı. Bu şərtlərdə şübhəsiz ki, danışıqlar effekt verməyən şeydir. Əlbəttə ki, Zelenski də Rusiyada o görüşdə yenə nəticə əldə edə bilməyəcəkdi. Çünki Rusiya Federasiyasının tələbləri beynəlxalq hüquqa ziddir. Zelenski isə prezident olsa belə, öz ölkəsinin konstitusiyasını pozub ona zidd addım ata bilməz. Yəni torpaq güzəşti edə bilməz. Bu Zelenskinin intiharı olardı. Zelenski bunu dərk etdiyinə görə, Zelenski son damla qanına qədər mübarizə aparmağa məhkumdur. Nəticə etibarilə Ukrayna xalqı cəzalandıracaqdır. Ona görə də vəziyyət çox gərgindir. Zelenski isə heç olmasa formal olsa belə ərazi bütövlüyünün saxlanılması şərtləri ilə hər hansı bir sülhə razılıq verə bilər. Nəticə etibarilə Zelenski istəsə belə, Ukrayna torpaqlarının bir hissəsini Rusiyaya verib, üstəlik də onu Rusiyanın ərazisi kimi tanıya bilməz. Qətiyyən mümkün deyil və heç vaxt da mümkün olmayacaqdır. Vəziyyət bu qədər dramatik və gərgindir", - deyə Hikmət Babaoğlu əlavə etdi.
Aytəkin TOFİQQIZI