"Üçtərəfli görüşdən sonra sülhün mümkünlüyü sual altındadır" - Politoloq

Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ və Rusiyadan olan həmkarları Donald Tramp və Vladimir Putinlə üçtərəfli görüşdə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu açıqlayıb.
Üçtərəfli görüş baş tutduqdan sonra sülhə nail olunacaq?
Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən politoloq Həşim Səhrablı bildirdi ki, Alyaskada keçirilən görüş göstərdi ki, Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə səmimi ünsiyyət quraraq əslində onu diplomatik tələyə salmağa çalışıb:
"Həmin görüşdə Ukraynanın işğal edilməmiş ərazilərinin belə Rusiyaya verilməsi, əvəzində sanksiyaların aradan qaldırılması, Rusiya neft-qazının Avropaya daşınması və ümumən Moskva ilə münasibətlərin bərpası müzakirə olunurdu. Hətta Ukrayna məsələsində Rusiyanın maraqlarının nəzərə alınması kimi mövzular da gündəmdə idi. Vaşinqton görüşündə isə tamam başqa mövqelər ortaya çıxdı. Ukrayna ordusunun zəiflədilməsi və ya ərazi güzəştləri tələbi irəli sürülmədi. Tramp açıq şəkildə bildirdi ki, bu, yalnız Ukraynanın qərar verəcəyi məsələdir və Zelenski ilə Putinin ikili danışıqlarına saxlanılıb. Beləliklə, Ukraynaya təzyiq göstərilmədi. Halbuki Alyaska görüşündən sonra dünya ictimaiyyəti ehtimal edirdi ki, Tramp Zelenskiyə Oval ofisdə təzyiq edə bilər. Amma bu baş vermədi.
Avropa liderlərinin Vaşinqtonda Zelenskini dəstəkləməsi bir daha göstərdi ki, köhnə qitə ABŞ-yə xatırladır: əgər Vaşinqton qlobal güc statusunu qorumaq və Çinə, Rusiyaya qarşı mövqelərini saxlamaq istəyirsə, müttəfiqləri ilə birlikdə hərəkət etməlidir. ABŞ da Avropanı itirməmək üçün mövqeyini müəyyən qədər dəyişmiş görünür. Beləliklə, görüş Ukrayna üçün itən ümidləri yeniləri ilə əvəz etdi. İndi ərazi məsələsi birbaşa Zelenskinin üzərindədir. O, Putinlə görüşdə hansı şərtlərin məqbul olduğunu düzgün ifadə etməli və qarşı tərəfi razı salmalıdır. Strateji baxımdan Rusiya artıq uduzmuş görünür. Hərbi müstəvidə üstünlük Moskvanın tərəfində olsa da, beynəlxalq və siyasi baxımdan vəziyyət fərqlidir".
Müsahibimizin sözləriinə görə, Tramp hakimiyyətə gələndən sonra Ukraynaya silah və texniki yardımda müəyyən boşluqlar yaransa da, Avropanın dəstəyi və Ukraynanın öz potensialı hesabına müqavimət davam edir:
"Rusiya uzunmüddətli müharibədə Ukraynanın tükənəcəyini gözləyirdi, amma həmrəylik bu proqnozu pozdu. Əgər Avropa dəstəyi dayandırmasa və Tramp Ukraynaya yardımı artırsa, döyüş meydanı da Moskvanın əleyhinə çevrilə bilər. Tramp müharibənin uzanmasında maraqlı deyil, buna görə də Putini xoş sözlərlə inandırmağa çalışır, yəni müharibəni bitir, daxili auditoriyaya qalib kimi qayıt, amma eyni zamanda ABŞ-nin şərtlərini qəbul et. Bu halda istənilən nəticədə qalib tərəf Amerika sayıla bilər. Üçtərəfli görüşdən sonra sülhün mümkünlüyü isə sual altındadır. Çox güman, Avropa liderləri razılıq versələr də, Zelenski ilə Putin danışıqlarında kompromis alınmayacaq. Çünki Rusiya yenə tərksilah və ərazilərin tanınması kimi maksimalist tələblər irəli sürəcək, Ukrayna isə Krım da daxil olmaqla işğalın sonunu istəyəcək. Beləliklə, ya danışıqlar dalana dirənəcək, ya da müvəqqəti atəşkəs əldə olunacaq. Bu isə əsl sülh deyil və gələcəkdə daha böyük müharibənin əsasını qoya bilər".
Nuriyyə NATİQQIZI