"Miqrantlar üçün məhdudiyyətlər daha çox xidmət sektorunu əhatə edir" - Azər Allahverənov

 14:16 19.08.2025     133

Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, Azərbaycandan olan miqrantların sayı Tacikistan və Özbəkistanla müqayisədə elə də çox deyil.

"Müqayisə etdikdə görürük ki, Tacikistandan daha çox, Özbəkistandan isə kifayət qədər çox miqrant var. Burada nəzərə almaq lazımdır ki, əsas məhdudiyyətlər daha çox topdan və pərakəndə ticarət, nəqliyyat vasitələri, motosikllərin təmiri, digər sahələrə şamil olunur. Məhz həmin sahələrdə azərbaycanlılar daha çox təmsil olunduqları üçün bu məhdudiyyətlər birbaşa olaraq onlara da təsir edir. Amma say baxımından azərbaycanlıların bölgədə elə də çox olmaması əmək bazarında ciddi gərginlik yaradan bir hal kimi qiymətləndirilmir. Əsas məsələ ondadır ki, faktiki olaraq dairə rəhbərliyi, xüsusilə də qubernator, ticarət, nəqliyyat və xidmət sahələrində miqrantların fəaliyyətini məhdudlaşdırmaq niyyətindədir".

Onun fikrincə, bu daha çox Rusiya Federasiyası vətəndaşları üçün əlavə imkanlar açmaq məqsədi daşıyır.

"Təbii ki, bu qiymətləndirmə yerli şərait əsasında aparılır. Bəzi hallarda belə addımlar siyasi təzyiq vasitəsi kimi də istifadə olunur. Qubernatorlar bu alətdən yararlanaraq müəyyən məhdudiyyətlər tətbiq edərək sahələrdən uzaqlaşdırırlar.

Tikinti sektorunda və digər bəzi sahələrdə miqrantlarla bağlı belə məhdudiyyətlərin olmaması göstərir ki, həmin sektorlarda miqrant əməyinə böyük ehtiyac var. Əməkçi miqrantların məhz bu sahələrdə geniş şəkildə çalışmasına zərurət qalır. Beləliklə, ticarət və nəqliyyatda məhdudiyyətlər tətbiq edilməklə, inşaat sektoruna əlavə işçi qüvvəsinin yönləndirilməsi də hədəflənə bilər. Bir sahədə məhdudiyyət tətbiq olunur, digər sahədə isə imkanlar genişləndirilir ki, miqrantlar məhz həmin sektorlara cəlb olunsunlar. Bu da mövcud zərurətdən irəli gələn bir prosesdir.

Ümumilikdə isə, Yamal-Nenets Muxtar Dairəsində miqrantlarla bağlı qəbul edilən qərarların daxili əmək bazarında yaranmış vəziyyətin nəticəsi olduğunu və tətbiq olunan məhdudiyyətlərin də məhz həmin proseslərlə əlaqəli olduğunu söyləmək olar", - deyə Azər Allahverənov yekunlaşdırdı.

Xədicə BAXIŞLI


 

Vumart və Güvən reklamı Vumart Güvən