“Qarabağdan çıxan ermənilərin Azərbaycana qayıdışı sülh sazişinə ziddir” - Politoloq

 16:20 19.08.2025     150

Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağı könüllü tərk etmiş ermənilərin Azərbaycana qayıtmasının qeyri-real və sülh üçün təhlükəli olduğunu deyib.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az ilə bölüşən politoloq Xəyal Bəşirov qeyd etdi ki, Qarabağdan könüllü şəkildə çıxan və Azərbaycanın çağırışlarına baxmayaraq ölkəni tərk edən ermənilərlə bağlı mövqe əvvəlcədən bəlli idi:

“Çünki 17 maddəlik paraflanmış sülh sazişində bu məsələ öz əksini tapmayıb. Azərbaycan tərəfinin Ermənistana irəli sürdüyü əlavə şərtlərdə də həmin məqam yoxdur. Yəni sülh sazişinin mətnində ermənilərin qayıdışı ilə bağlı heç bir müddəa nəzərdə tutulmayıb.

Eyni zamanda, Ermənistanın konstitusion əsasla Azərbaycana qarşı ərazi iddialarından imtina etməsi və ATƏT-in Minsk qrupundan kənarlaşması ilə bağlı şərtlərdə də bu məsələ qeyd olunmur. Buna görə də əgər bu məsələ yenidən gündəmə gətirilsə, bu, sülh sazişinin şərtlərinin pozulması deməkdir. Paşinyan da vurğulayıb ki, bu mövzunu əsasən revanşist qüvvələr gündəmə gətirir və onların məqsədi sülh prosesini pozmaqdır”.

Müsahibimiz qeyd etdi ki, əgər Ermənistan tərəfi Azərbaycanın qırmızı xətt hesab etdiyi Qarabağdan çıxmış ermənilərin qayıtması məsələsini gündəmə gətirsə, bu, həm 17 maddəlik sazişin şərtlərinə, həm də Vaşinqtonda əldə edilmiş razılaşmalara zidd olar:

“Bu addım Paşinyanın prosesi pozması kimi qiymətləndiriləcək. Odur ki, bu məsələni gündəmə gətirmək sülhün mahiyyətinə və sazişin imzalanmasına zərbə vurmaq deməkdir. Mən düşünürəm ki, Ermənistan, xüsusilə də Paşinyan, qarşıdan gələn parlament seçkiləri öncəsi belə uğursuz və ziddiyyətli addım atmayacaq”.

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən