"ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verir" - AÇIQLAMA

Avqustun 18-də ABŞ Prezidenti Donald Trampla Ukrayna prezidenti Volodimir Zelenski arasında görüş keçirilib. Görüş zamanı Zelenski Putinlə ərazi məsələlərini müzakirə etməyə hazır olduğunu bildirib. Tramp isə bu görüşdən sonra üçtərəfli görüşün keçiriləcəyini açıqlayıb.
Keçiriləcək görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında bir razılaşma əldə olunacaqmı?
Redaktor.az-a danışan politoloq Elşad Həsənov bildirdi ki, Zelenskinin sözlərinə görə, bu görüş çox əhəmiyyətli, mənalı və dəyərli olub.
"O, bildirib ki, indiyə qədər Trampla keçirdiyi görüşlər arasında ən yaxşısı məhz bu görüşdür. Görüş zamanı Zelenski Trampı müəyyən məsələlərdə razı sala bilib. Təbii ki, Zelenski çıxışında ərazi mübadiləsinə də açıq olduğunu bildirdi. Hər iki tərəf, həm Rusiya, həm Ukrayna, danışıqlar zamanı güzəştə getməlidir, çünki güzəşt edilməzsə, sülh əldə olunmaz.
Artıq görünür ki, həm Rusiya, həm Ukrayna müharibədən yorulub, resursları tükənmək üzrədir və müharibəni dayandırmaq hər iki tərəf üçün vacibdir. Zelenski əvvəllər bildirirdi ki, heç bir ərazi mübadiləsi etməyəcək, çünki buna imkan yoxdur və konstitusiya buna icazə vermir. Lakin görüşdən sonra o açıqladı ki, ərazi mübadiləsi mümkündür və bu da qaçılmazdır".
Politoloq əlavə etdi ki, görüş ona görə əhəmiyyətlidir ki, Avropa İttifaqının liderləri və NATO-nun baş katibi də iştirak etdi və ümumi razılığa gəldilər.
"Əsas məsələ burada Ukraynanın təhlükəsizliyinin təmin olunmasıdır. Tramp bildirdi ki, ABŞ Ukraynanın təhlükəsizliyinə təminat verir, Avropa İttifaqı da bu təminatı versin. Bu, indiyə qədər səslənməmiş bir açıqlamadır. Görüş sülhə doğru atılan növbəti addım hesab olunur.
Qarşıdakı günlərdə keçiriləcək üçtərəfli görüş, yəni Trampın iştirakı ilə Putin və Zelenski arasında sülh danışıqları çox önəmlidir. Bu görüşdə Trampın dəstəyi ilə müəyyən razılıqlar əldə olunacaq və Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olunacaq. Təbii ki, bütün detallar bir görüşdə həll edilə bilməz. Məsələn, Avropa İttifaqı müharibə dayanan kimi 50 minlik qoşunu təmas xəttinə yerləşdirməyi planlaşdırırdı, lakin Rusiya tərəfi NATO və Avropa qoşunlarının ora yerləşdirilməsinə qarşıdır. Detallar bu danışıqlarda müzakirə edilə bilər.
Fransa Prezidenti Emmanuel Makron da dünənki danışıqlarda görüşün üçtərəfli yox, dördtərəfli olmasını təklif etdi, yəni Avropa İttifaqından bir nümayəndə də iştirak etməlidir".
Müsahibimizin fikrincə, bu, ciddi məsələ deyil və Putin buna razılıq verməyəcək.
"Danışıqlarda əsas məsələ Zelenski ilə Putinin görüşüdür və bu görüşü Tramp təşkil edir və özü iştirak edəcək. Ümumilikdə, avqust ayında bir sıra əhəmiyyətli görüşlər baş tutub: avqustun 8-də Vaşinqtonda Azərbaycanla Ermənistan arasında sülh paraflandı, 15-də Alyaskada ABŞ Prezidenti Tramp ilə Rusiya Prezidenti Putin görüşdü və bəzi məsələlər həll olundu, 18-də Zelenski Tramp və Avropa liderləri görüşdü və sülh müqaviləsi üçün müəyyən addımlar atıldı. Hesab edirəm ki, avqust ayı ərzində Tramp-Putin-Zelenski görüşü baş tutacaq və Rusiya-Ukrayna müharibəsində sülhün əldə olunmasına nail olunacaq", - deyə Elşad Həsənov vurğuladı.
Xədicə BAXIŞLI