“Bütün problemlərə nöqtə qoyulması üçün liderlərin görüşü şərtdir"

 18:43 19.08.2025     157

"Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında keçiriləcək görüşdə hansı nəticələrin əldə olunacağı, ümumiyyətlə bu görüşün Ukrayna böhranının aradan qaldırılmasına necə töhfə verəcəyi həmin görüşdə münaqişə tərəflərinin tələblərindən və edə biləcəkləri güzəştlərdən asılı olacaq".

Bu fikirləri Redaktor.az-a politoloq Yusif Bağırzadə Donald Tramp, Volodimir Zelenski və Vladimir Putin arasında keçiriləcək olan üçtərəfli görüşü şərh edərkən bildirdi.

"Şübhəsiz ki, Rusiya danışıqlarda işğal altında saxladığı ərazilərdən çıxmaqla bağlı hər hansı müzakirəyə razı olmayacaq. Burada müzakirə ancaq müharibənin hansı şəkildə dayanması ilə bağlı ola bilər. Əgər Putin özünün ilkin tələblərindən, yəni işğal altında olan ərazilərin Rusiya ərazisi olaraq tanınması şərtindən imtina edəcəksə, bunun müqabilində Ukrayna da NATO üzvü olmamaqla bağlı öhdəlik götürə və müharibə təmas xətti əsas götürülərək dayandırıla bilər. Bu isə o demək olacaq ki, ərazilər Rusiyanın işğalı altında qalsa belə heç kim tərəfindən Rusiya ərazisi olaraq tanınmır. Yəni münaqişə həll olunmasa da dondurulur. İndiki şərtlər daxilində bu vəziyyət Ukraynaya bu və ya digər şəkildə sərf edə bilər. Amma yox Rusiya işğal altında saxladığı ərazilərin beynəlxaq birlik tərəfindən Rusiya ərazisi olaraq tanınmasında israr edəcəksə o zaman hər hansı razılaşma da olmayacaq və müharibə davam edəcək.
İndiyə görünən odur ki, Rusiya özünün ilkin şərtlərindən imtina etmək niyyətində deyil".

Müsahibimizin sözlərinə görə, həm Alyaska görüşündə, həm də dünənki Vaşinqton görüşündə yeganə müsbət məqam ondan ibarətdir ki, hər kəs Ukraynaya təhlükəsizlik zəmanəti verilməsi ilə bağlı ortaq mövqeyə malikdir.

"Görüşün nəticələri bağlı verilən bəyanatlardan məlum olur ki, Avropa liderləri qısa vaxt ərzində bu təhhlükəsizlik zəmanətinin nədən ibarət ola biləcəyinə dair konkret təkliflərlə çıxış edəcəklər. Buraya Ukrayna üçün peşəkar ordunun yaradılması, hazırlanması, silah və texnika ilə təmin olunmasından tutmuş, ayrı-ayrı ölkələrin hərbi birliklərinin Ukrayna ərazisinə təmas xəttindən uzaq ərazilərə yerləşdirilməsinə qədər bir çox təkliflər daxildir.

Digər məsələlərlə bağlı hələ ki, hər hansı razılıq yoxdur. Xüsusilə də ərazi güzəştləri və ərazi mübadiləsi məsələləri açıq olaraq qalır. Bu da təbiidir. Çünki ölkələrin ərazisinin güzəştə gedilməsi Prezidentlərin verəcəyi qərar deyil. Ukrayna Konstitusiyası da Prezidentə belə bir səlahiyyət vermir. Yəni, nəsə olacaqsa da bunun üçün referendum keçirilməsi lazımdır. Referendumu isə atəşkəs olmadan keçirmək mümkün deyil. Rusiyanın atəşkəs elan olunması və atəşkəs dövründə danışıqların davam etdirilməsi təklifinə mənfi yanaşması isə vəziyyəti daha mürəkkəbləşdirir. Odur ki, bütün bu problemlərə nöqtə qoyulması üçün liderlərin görüşü şərtdir".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən