"Zelenskiyə Ağ Evin simvolik açarının verilməsi adi bir jest deyil" - AÇIQLAMA 

 14:11 20.08.2025     139

"ABŞ Prezidenti Donald Trampın Zelenskiyə Ağ Evin simvolik açarını təqdim etməsi sıradan bir jest deyil, ciddi siyasi mesaj daşıyır. Bu addım ilk növbədə ABŞ-nin Ukraynaya verdiyi dəstəyin qlobal miqyasda nümayişidir. Tramp bu rəmzi jestlə göstərmək istəyir ki, Ukrayna Vaşinqtonun xarici siyasət gündəmində xüsusi yer tutur".

Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov ABŞ Prezidenti Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə Ağ Evin simvolik açarını təqdim etməsindən danışarkən bildirdi.

"Simvolik açar Ukrayna rəhbərliyinə verilən etimadın və siyasi tərəfdaşlığın ifadəsidir. Bu, eyni zamanda Rusiyaya ünvanlanmış dolayı bir xəbərdarlıqdır. ABŞ Ukraynanın yanında dayanmaqda qərarlıdır. Trampın bu addımı daxili siyasət baxımından da mühümdür, çünki o, Amerikanın beynəlxalq liderliyini nümayiş etdirərək öz elektoratına güclü prezident obrazını təqdim edir. Zelenskiyə açar təqdim olunması ABŞ-Ukrayna münasibətlərinin artıq müttəfiqlikdən daha dərin strateji tərəfdaşlığa keçdiyinin rəmzi sayıla bilər. Burada həm də diplomatiyanın simvolik gücü işə salınır".

Siyasi şərhçi vurğuladı ki,Tramp konkret sənəd imzalamadan, rəsmi bəyanat vermədən, sadəcə bir jestlə çoxsaylı mesaj ötürdü.

Tural İsmayılov: “Bayden ənənəvi demokratlar siyasətinin davamçısıdır”

"Bu jest NATO müttəfiqlərinə də siqnaldır ki, ABŞ Şərqi Avropanın təhlükəsizliyini diqqətdə saxlayır. Digər tərəfdən, Tramp Zelenskiyə də açıq mesaj verir ki, Vaşinqtonun dəstəyi qarşılıqlı öhdəliklər tələb edir. ABŞ lideri belə simvolik təqdimatla həm də Avropadakı skeptik dairələri susdurmağa çalışır. Çünki bəzi Qərb ölkələrində Ukraynaya dəstəyin azalması meylləri görünməkdədir. Bu baxımdan, açar jesti həm daxili, həm də xarici auditoriyaya hesablanmış strateji aktdır. Moskva üçün isə bu, psixoloji təzyiq vasitəsidir. Rusiyaya göstərilir ki, Zelenski Vaşinqtonun “evində” qonaq yox, artıq ev sahibi statusuna yaxın fiqurdur. Bu rəmzi təqdimat həm də gələcək danışıqlar masasında Ukraynanın əlini gücləndirəcək. Siyasi jestlər çox vaxt reallıqdan daha güclü təsir göstərir, Tramp da bunu yaxşı bilir. Ona görə də bu açar məsələsi təkcə simvol deyil, həm də böyük güclərin geosiyasi oyununun parçasıdır", - deyə Tural İsmayılov qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən