"Putinin geri çəkilməsi onun siyasi məğlubiyyəti kimi qiymətləndirilə bilər" - Zərdüşt Əlizadə

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Volodimir Zelenski ilə üçtərəfli görüşün baş tutacağına əminliyini ifadə edib.
Bəs görüşdə Ukrayna prezidenti Volodimir Zelenskini ərazi məsələlərində razılığa gətirə bilərlərmi?
Politoloq Zərdüşt Əlizadə mövzu ilə bağlı Redaktor.az-a danışarkən bildirdi ki, Ukraynanın güzəştə gedəcəyi məsələlər var.
"Məsələn, NATO üzvlüyündən imtina edə bilər, əvəzində hansısa Qərbin möhkəm təhlükəsizlik zəmanətləri müqabilində neytral ölkə statusuna da razı ola bilər. NATO-dan imtina onların neytral ölkə statusuna təhlükə deyil. Ərazi güzəştləri istisna edirlər. Nəyə görə? Çünki Ukrayna xalqı, Ukrayna cəmiyyəti, Ukrayna ordusu, Zelenskiyə belə bir səlahiyyət verməyib ki, ölkə ərazisini güzəştə getsin. Müharibə gedir, kimin qələbə qazanacağı hələ bəlli deyil".
Onun sözlərinə görə, Ukraynanın hərbi müvəffəqiyyəti Qərbin göstərdiyi və göstərəcəyi hərbi-maliyyə yardımından xeyli asılıdır.
"Rusiyanın da imkanları sərhədsiz, sonsuz deyil. Putin əraziləri Rusiya konstitusiyasına görə öz ərazisi elan edib. Onun geri çəkilməsi, onun siyasi məğlubiyyəti kimi qiymətləndirilə bilər. Ona görə Rusiyanın həyasız, qeyri-qanuni ərazi iddiaları, Ukrayna prezidentinin Ukrayna Konstitusiyasına və Ukrayna xalqının iradəsinə sadiq qalaraq ərazi güzəştlərinə getməməyinə, qətiyyətçiliyinə əsaslanacaq. Nəticədə bu gələcək görüşdə hər hansı bir müsbət nəticə gözləmək əsassız olacaq", - deyə Z.Əlizadə fikrini yekunlaşdırdı.
Aytəkin TOFİQQIZI