"Düzgün qərar verməyin nəticəsi erməni xalqının xeyrinə olacaq" - Deputat
"Ermənistanın Baş naziri Nikol Paşinyan çox ağıllı və praqmatik siyasət yeridir. O, erməni xalqının gələcəyini düşündüyü üçün Qarabağı tərk edən ermənilərin Azərbaycana qayıtmasının qeyri-real olduğu barədə açıqlama verib. Məncə, burada təəccüblü heç nə yoxdur. Əslində, erməni xalqının liderin fikirlərini mənimsəməsi onun xilas yoludur".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa Ermənistan Baş naziri Nikol Paşinyanın xalqa müraciəti zamanı səsləndirdiyi "Qarabağı tərk edən ermənilərin Azərbaycana qayıtması qeyri-real və sülh üçün təhlükəlidir" fikrinə münasibət bildirərkən dedi.
"Qonşularla düşmənçilik edərək, hansısa separatçılıq ocağını yenidən alovlandıraraq sülhdən danışmaq mümkün deyil. Əslində erməninin qayıtması, separatçılığın qayıtması deməkdir. Paşinyan da bunu anlayır. Ermənistan bu prosesdə müəyyən addımlar atmağa məcburdur. Necə ki, Kosova və Serbiya bu əziyyəti yaşadı, başqa ölkələr də oxşar çətinliklərdən keçdi. Deməli, vaxtında düzgün qərar verməyin nəticəsi hər halda erməni xalqının xeyrinə olacaq. Paşinyan da bunu düşündüyü üçün mövqeyini açıq şəkildə dilə gətirir", - deyə millət vəkili qeyd etdi.
Xədicə BAXIŞLI













