"Ukrayna-Rusiya müharibəsinin tezliklə sülhlə nəticələnməsi az ehtimal olunur" - Politoloq

Almaniya kansleri Fridrix Merts bildirib ki, Ukrayna prezidenti Vladimir Zelenski ilə Rusiya lideri Vladimir Putin arasında görüş avqustun sonuna qədər baş tuta bilər.
Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Qafar Çaxmaqlı bildirdi ki, bu ay ərzində belə bir görüşün keçirilməsi real görünmür:
"ABŞ-də Donald Trampın iştirakı ilə Zelenski ilə görüşdə qaldırılan məsələlər, həmçinin Avropa liderlərinin münasibəti göstərdi ki, müzakirə olunacaq mövzular hələ tam dəqiqləşməyib. Burada ərazi dəyişiklikləri və digər vacib məsələlər var ki, onların əvvəlcə Ukraynanın özündə müzakirəsi gözlənilir. Putin də hazırda bu görüşə tam hazır deyil. Əvvəllər “əvvəl atəşkəs, sonra sülh danışıqları” formulu irəli sürülürdüsə, indi artıq birbaşa sülh razılaşmalarının əldə olunması variantı müzakirə edilir. Hətta atəşkəs olmadan da müəyyən razılaşmalar mümkündür. Lakin görüşün nə vaxt keçiriləcəyi hələ bəlli deyil və bu prosesin ayın sonuna qədər baş tutması çətin görünür".
Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsinin tezliklə sülhlə nəticələnməsi də az ehtimal olunur:
"Çünki Rusiya Ukraynanın ərazisinin təxminən 20 faizini, o cümlədən Krımı işğal edib və bu ərazilərdən geri çəkilmək niyyətində deyil. Ukrayna da güzəştə getmir. Moskva işğal etdiyi ərazilərin öz nəzarətində qalmasına çalışır. Vasitəçilik məsələsinə gəldikdə, ABŞ-ın prosesi irəlilətməsi və Rusiyaya hər hansı güzəşt etməsi də real görünmür. İki lider arasında görüş baş tutduqdan sonra vəziyyətə müəyyən aydınlıq gələ bilər. Amma yaxın perspektivdə müharibənin başa çatması gözlənilmir".
Nuriyyə NATİQQIZI