"Vladimir Putin görüşü qəbul etmək istəmir"

 11:05 21.08.2025     154

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində deyil.

Mövzu haqqında Redaktor.az-a danışan politoloq Zeynal Əmrəliyev bildirdi ki, Rusiya tərəfindən bu görüşdən imtina edilməsində səbəb görüşün istənilən nəticəni verməyəcəyidi.

"Rusiyanın işğal edə bilmədiyi şəhərlər var. Onların tamamilə Rusiyaya verilməsini tələb edirlər və eyni zamanda Krımın da Rusiya ərazisi kimi tanınması tələb olunur. Təbii ki, Ukrayna bu cür şərtləri qəbul edə bilməz, yəni etməyəcək. Bu barədə Prezident Zelenski dəfələrlə xəbərdarlıq edib. Görünür ki, Vladimir Putin görüşü qəbul etmək istəmir və hazır deyil. Eyni zamanda Trampla görüşdən sonra, sanki, Qərbdə Rusiyaya qarşı müəyyən yumşalma hiss olunur və rəsmi Moskva da bu məsələdən geniş şəkildə istifadə edir".

Onun fikrincə, Putinin Trampla görüşündəki əsas məqsəd birinci növbədə Rusiyanın indiki sanksiyalarını zəiflətmək, ikinci növbədə isə müharibə aparmaq üçün vaxt qazanmaq idi.

"Onsuz da Ukrayna tərəfindən də bu barədə açıqlama verilmişdi ki, Rusiyanın əslində niyyəti atəşkəs müqaviləsi və yaxud da ki, müharibənin dayandırılması deyil. Sadəcə olaraq Qərbdən gələcək təhlükələri dəf etmək üçün müəyyən qədər şans qazanmaq istəyirlər. Yəni əsas məqsəd məhz budur və bunun üçün çalışırlar. Hələ ki, görüşün keçirilməsinə ehtiyac yoxdur. Ola bilər Qərb daha çox sanksiya tətbiq edərsə  görüşün keçirilməsi barəsində Rusiya tərəfindən müəyyən təşəbbüslər edilə bilər. İndiki mərhələdə Kremldə hesab edirlər ki, üçtərəfli görüşün keçirilməsinə heç bir ehtiyac yoxdur".

Aytəkin TOFİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən