"İranın düşmənçiliyi İran azərbaycanlıları ilədir" - Millət vəkili

İran Prezidenti Məsud Pezeşkian Ermənistan səfərində Ermənistanın Azərbaycanla sülh danışıqlarını dəstəklədiyini bildirib, amma qeyd edib ki, Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşıdır.
Milli Məclisin deputatı Hikmət Babaoğlu Redaktor.az-a mövzu haqqında danışarkən bildirdi ki, İranın Ermənistan-Azərbaycan arasında sərhəd mövzusu və Zəngəzur dəhlizinə həssas yanaşmasının kökündə İran xalqının, dövlətinin maraqları dayanmır.
Onun sözlərinə görə, belə yanaşmanın kökündə fars şovinizminin və şiə radikallarının mövqeyi dayanır.
"Məsələ ondadır ki, Azərbaycanın güclənməsi İran əhalisinin yarısından çoxu olan azərbaycanlılarda, digər türklərdə bir milli özünü dərk prosesini sürətləndirib. İran imperiyasının məqsədi isə ondan ibarətdir ki, azərbaycanlıları və digər bütün müsəlmanları assimilyasiya etsin, farslaşdırsın, şiə radikallarına çevirsin. Yəni bu İranın əsas silahıdır. Bunun da kökündə Əhməni-Sasani dövründən gələn fars şovinizmi dayanır. Əslində isə Zəngəzur dəhlizinin açılması İranın lehinədir. Çünki regional kommunikasiyalar genişlənəcək. Tarixən Azərbaycana məxsus olan sərhədlərin yenidən bərpa olunması, əgər doğurdan da İran İslam Respublikasıdırsa, sırf islam nöqteyi-nəzərdən islam mədəniyyətinin genişlənməsi olardı. Əlbəttə, Azərbaycanın belə bir niyyəti yoxdur, ancaq belə niyyəti olsa belə İran Azərbaycanı dəstəkləməlidir ki, tarixən türk müsəlmanlara aid olan coğrafi areal daha da genişlənsin. Amma İran bunu istəmir".
Deputatın sözlərinə görə, İranın düşmənçiliyi əslində bizlə deyil.
"İranın düşmənçiliyi əhalinin 60%-dən çoxunu təşkil edən, öz vətəndaşı olan, İranı dövlət kimi ayaqda saxlayan İran azərbaycanlıları ilədir. Onların öz dövlətlərini, öz mədəniyyətlərini yenidən qurub yaşatmasına icazə vermək istəmir. Məsələnin özü və özəyi bundan ibarətdir. Ona görə də mən düşünürəm ki, Pezeşkian məcburən İrəvanda fars şovinizminin və radikal məzhəbçiliyin tezislərini təkrarlamalı oldu. Mənə elə gəlir ki, bu, nə Pezeşkianın fikridir, nə də İranda yaşayan 40 milyondan çox azərbaycanlının fikridir. Görünür biz bu mərhələni arxada qoymaq üçün müəyyən bir tarixi proses keçməliyik".
Aytəkin TOFİQQIZI