“İran Zəngəzur dəhlizində hərbi qüvvələrin yerləşdirilməsini qətiyyətlə qəbul etmir” - Deputat

İran prezidenti Məsud Pezeşkian və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilib. Görüş zamanı Zəngəzur dəhlizi məsələsi də müzakirə olunub.
Mövzu ilə bağlı Redaktor.az-a danışan millət vəkili Naqif Həmzəyev bildirdi ki, İran prezidenti Pezeşkianın Ermənistana nəzərdə tutulan səfəri yalnız ikitərəfli münasibətlərin dərinləşdirilməsi ilə məhdudlaşmadı:
"O, həm də Vaşinqtonda əldə edilən razılaşma, xüsusən Zəngəzur dəhlizinin 99 illiyə ABŞ şirkətinə icarəyə verilməsi məsələsi çərçivəsində İran mövqeyinin qorunmasına yönəlmişdi. Görüş zamanı Ermənistan baş naziri Nikol Paşinyan İran tərəfini razı salmağa nail oldu. O, bu anlaşmanın detalları barədə prezidentə ətraflı məlumat verdi və hər bir halda İran maraqlarına zidd addım atılmayacağına, onların qorunacağına dair zəmanət təqdim etdi. İran prezidenti, eyni zamanda, Azərbaycan ərazisindən Azərbaycan ərazisinə birbaşa əlaqənin reallaşmasına dəstək ifadə etdi. Pezeşkian qeyd etdi ki, İrandan keçməklə Naxçıvana çıxışı onsuz da dəstəkləyirlər. Buna görə də, Ermənistan üzərindən Naxçıvana maneəsiz dəhlizin istifadəyə verilməsinə İranın etiraz etməyəcəyi gözlənilir. Tehranın əsas narahatlığı Ermənistan ərazisi üzərindən Cənubi Qafqaza çıxış imkanlarının məhdudlaşdırılmasıdır. Lakin İrəvan belə bir vəziyyətin yaranmayacağına dair zəmanət verdi".
Deputat qeyd etdi ki, İran ABŞ-nin bölgədə möhkəmlənməsinə qarşı çıxır:
"Xüsusilə də, Zəngəzur dəhlizinin işlədilməsi ilə əlaqədar hər hansı hərbi qüvvənin burada yerləşdirilməsini qətiyyətlə qəbul etmir. Verilən mesajlarda açıq şəkildə bildirildi ki, üçüncü qüvvələrin bölgədə olması İran tərəfindən dəstəklənmir. Bir sözlə, bu görüş və ondan doğan nəticələrlə bağlı daha dəqiq qiymətləndirmələr yaxın gələcəkdə mümkün olacaq. Unutmaq olmaz ki, Rusiyanın da mövqeyi diqqət çəkir. Moskva, Ermənistan maraqlarına zidd addımlar atılmadığı təqdirdə, layihəni dəstəklədiyini bəyan edir. Azərbaycan isə prosesi yaxından izləyir. 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəaları əsas götürülür və Ermənistanın öhdəlik daşıdığı xatırlanır. ABŞ-də əldə edilmiş razılaşma da Azərbaycanın maraqlarının qorunduğunu göstərir. Bakı, öz mövqeyini müdafiə etməyə qadirdir və bütün tərəflər bu reallığı yaxşı anlayır. İnam var ki, Ermənistan öhdəliklərini icra edəcək, Azərbaycana qarşı ərazi iddialarından tam imtina edəcək və bunu konstitusiya dəyişiklikləri ilə təsdiqləyəcək.
Zəngəzur dəhlizinin istifadəyə verilməsi istiqamətində proseslər də vaxt itirilmədən başlanmalıdır. Azərbaycan ilin sonuna qədər öz ərazisində dəhlizin əsas komponenti olan dəmir yolu və avtomobil yolunun inşasını başa çatdıracaq. Beləliklə, böyük nəqliyyat şəbəkəsi formalaşacaq. Ermənistan ərazisində tikinti işlərinin gecikdirilməsi isə layihənin ümumi ləngiməsinə səbəb ola bilər. Ona görə də, bu məsələlər qısa müddətdə həllini tapmalıdır. Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında birbaşa təmaslar prosesi sürətləndirə bilər. Bununla yanaşı, İran və Rusiyanın müdaxilələri qaçılmazdır. Ermənistan hər iki tərəfi razı salmalı, təzyiqlərdən minimum itki ilə çıxış yollarını tapmalıdır".
Nuriyyə NATİQQIZI