"Türkiyə müdafiə sənayesində dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib" - AÇIQLAMA

Misir Türkiyənin yerli istehsal etdiyi beşinci nəsil “KAAN” döyüş təyyarəsi layihəsində iştirak etməyə hazırlaşır.
Misirin “KAAN” layihəsinə qoşulması Ankara-Qahirə münasibətlərində hansı yeni mərhələnin başlanğıcı hesab edilə bilər? Bu əməkdaşlıq Misir-Türkiyə münasibətlərinin uzunmüddətli sabitliyinə zəmanət verə bilərmi?
Redaktor.az-a açıqlamasında türkiyəli politoloq İsmail Cingöz bildirdi ki, Türkiyənin son illərdə müdafiə sənayesində həyata keçirdiyi addımlar və nailiyyətlər diqqət mərkəzindədir.
"Müdafiə sənayesində inkişaflar yalnız Türkiyə üçün deyil, həm də Türk Dövlətləri Təşkilatı və bütövlükdə Türk dünyası üçün mühüm mərhələlərdən sayılmalıdır. Çünki Türkiyə Azərbaycanla birlikdə Türk Dövlətləri Təşkilatının inkişafı və irəliləməsi üçün böyük səylər göstərir. Güclü ola bilmək üçün əvvəlcə hərbi və müdafiə baxımından, sonra isə iqtisadi sahədə güclü olmaq vacibdir. Bu istiqamətdə Türkiyə müdafiə sənayesində artıq dünyada söz sahibi olan ölkələrdən birinə çevrilib. Ötən ay Türkiyədə keçirilən IDEF Müdafiə Sənayesi Sərgisi də bunu bütün dünyaya nümayiş etdirdi. Mətbuata yansıyan məlumata görə, Türkiyənin 187 ölkə ilə müdafiə sənayesinə dair ixracat müqavilələri imzalaması böyük qürur mənbəyidir. Bu mərhələnin ən mühüm addımlarından biri də “KAAN” döyüş təyyarəsidir.
ABŞ Türkiyəni F-35 proqramından çıxararaq ədalətsiz qərar qəbul etdi. Halbuki, Türkiyə hava hücumundan müdafiə sistemləri almaq istədikdə, ödəniş etməyə hazır olduğunu bildirsə də, ABŞ və NATO ölkələri bu tələblərə cavab vermədi. Bu səbəbdən Türkiyə alternativsiz olmadığını göstərmək üçün Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi almağa məcbur qaldı. Daha sonra isə ABŞ tərəfindən CAATSA sanksiyaları ilə üzləşdi və F-35 proqramından uzaqlaşdırıldı. Lakin Türkiyə sadə bir dövlət olmadığını sübut etdi və müdafiə sənayesində mühüm addımlar atmağa davam etdi. “KAAN” təyyarəsinin hazırlanması da bu istiqamətdə böyük əhəmiyyət daşıyır".
Politoloq qeyd etdi ki, beşinci nəsil döyüş təyyarələri arasında diqqət çəkən “KAAN” artıq beynəlxalq maraq qazanıb.
"Ötən ay İndoneziya ilə 48 ədəd “KAAN” təyyarəsinin satışı üzrə müqavilə imzalandı. Bunun ardınca İspaniya və Birləşmiş Ərəb Əmirliklərindən sonra Misirin də bu layihəyə qoşulması və hava müdafiəsini “KAAN” üzərindən qurmaq qərarı həm iki ölkə, həm də region üçün mühüm hadisədir. Türkiyə və Misir bölgənin ən önəmli dövlətlərindən biridir və qədim tarixi əlaqələrə malikdir. Bu, yalnız Türkiyə və Misir münasibətləri kontekstində deyil, həm də Türk Dövlətləri Təşkilatının hansı mərhələyə gəlib çatdığını göstərməsi baxımından əhəmiyyətlidir. Çünki yaxın gələcəkdə Təşkilatın NATO kimi müdafiə sahəsində inteqrasiyası, ardından isə Avropa Birliyi modelinə uyğun iqtisadi əməkdaşlığı gerçəkləşərsə, Türkiyənin İndoneziya, BƏƏ, İspaniya və Misir kimi ölkələrə müdafiə məhsulları ixrac etməsi qlobal güc olma yolunun mühüm addımları hesab ediləcək".
Müsahibimizin fikrincə, Türkiyənin qlobal güc olması onu cəzalandırmağa çalışan ABŞ və bəzi NATO ölkələrini bir daha düşünməyə vadar edəcək.
"Türkiyə alternativsiz olmadığını, Avropa, Yaxın Şərq və Uzaq Şərqdə mühüm tərəfdaşlarla əməkdaşlıq edə bildiyini göstərir. Bu proses İsrailin ABŞ ilə birlikdə bölgədə sərgilədiyi təcavüzkar siyasətin də qarşısını almağa yönəlik mesaj daşıyır. ABŞ uzun illərdir İsrailin hava müdafiəsini, hərbi-logistik imkanlarını dəstəkləyərək Yaxın Şərqdə balanssız güc formalaşdırıb. Bunun nəticəsində İsrail Suriyanı, Misiri, Livanı və İordaniyanı təhdid edən mövqe əldə edib, bu gün isə Qəzzada 60 mindən çox insan beynəlxalq ictimaiyyətin gözü qarşısında qətlə yetirilib.
Gələcəkdə İsrailin qarşısının alınması və onun aqressiv siyasətinin dayandırılması üçün Türkiyə-Misir münasibətlərinin inkişafı mühüm rol oynayacaq. 2010-cu illərdəki gərginlik artıq aradan qalxıb, iki ölkə hərbi-strateji tərəfdaş səviyyəsinə yüksəlib. Misirin bəzən Türkiyənin “Mavi Vətən” layihələrinə dəstək verməsi də diqqətəlayiqdir. Yaxın illərdə Türkiyə ilə Misir arasında Aralıq dənizinə dair xüsusi iqtisadi zona müqaviləsinin imzalanması ehtimal olunur. Əgər buna Suriyanın da qoşulması baş verərsə, İsrailin regiondakı nəzarətsiz davranışlarının qarşısı alınacaq.
Bütün bunlar göstərir ki, Türkiyə gələcəkdə müdafiə sənayesini daha da inkişaf etdirmək imkanlarına malikdir. Qonşular və region dövlətləri ilə qurulan dostluq və əməkdaşlıq münasibətləri bu prosesin daha da güclənməsinə şərait yaradacaq. Türkiyənin güclənməsi isə eyni zamanda Türk dövlətlərinin də güclənməsi deməkdir" , - deyə İsmail Cingöz vurğuladı.
Xədicə BAXIŞLI