"Rusiya sülh danışıqlarını istəmir, əksinə onlardan qaçır"

Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna Prezidenti Volodimir Zelenski və Avropa liderləri ilə görüşmək niyyətində deyil.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirdi ki, Lavrovun açıqlaması Rusiyanın mövqeyini bir daha nümayiş etdirdi.
"Bir daha sübut olundu ki, Rusiya sülh danışıqlarını istəmir, əksinə onlardan qaçır. Rusiyanın əsas məqsədi əvvəllər irəli sürdüyü beş tələbin qəbul etdirilməsidir. Bu tələblərə Ukraynanın işğal olunmuş ərazilərindən imtina etməsi və onların Rusiyanın suverenliyi altında qalmasına razılıq verməsi, eləcə də Ukraynanın NATO-ya daxil olmasının qarşısının alınması daxildir. Görünür ki, Moskva bu şərtləri qəbul etdirməklə Qərb ölkələrinə meydan oxumağa çalışır. Qərbin bunu qəbul edib-etməyəcəyi isə başqa məsələdir. Hər halda Rusiyanın addımları sülhə töhfə vermir. Lavrov həmçinin göstərdi ki, Rusiya üçün Ukrayna tərəfdaş hesab olunmur. Moskva məsələləri birbaşa ABŞ səviyyəsində müzakirə etmək niyyətindədir. Bu yanaşma Ukraynanı kənarda saxlayaraq, Rusiyanın özünü hegemon güc kimi təqdim etmək cəhdi kimi qiymətləndirilə bilər", - deyə politoloq yekunlaşdırdı.
Xədicə BAXIŞLI