"İranın mövqeyi Azərbaycana qarşı düşmənçilikdən qaynaqlanır" - Deputat

İran Prezidenti Məsud Pezeşkian İrəvan səfərində Ermənistanın Azərbaycanla sülh danışıqlarını dəstəklədiyini bildirib, amma qeyd edib ki, Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşıdır.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, sərhədlərin dəyişdirilməsi ilə bağlı iddia tamamilə əsassızdır:
"Hazırda sərhədlərin dəyişdirilməsindən söhbət getmir. İran rəsmiləri ilk dəfə deyil ki, bu mövzuda bəyanatlarla çıxış edirlər. Məsələnin mahiyyəti ondan ibarətdir ki, hazırda söhbət sərhədlərin dəyişdirilməsindən yox, kommunikasiyaların açılmasından və mövcud xətlərin işə düşməsindən gedir. Əslində, məsələnin kökündə tamamilə başqa niyyət və məqsəd dayanır. Ona görə də bu iddialar qeyri-ciddi təsir bağışlayır. Bir neçə gün əvvəl İran Xarici İşlər Nazirliyinin açıqlaması da diqqət çəkir. Belə ki, onlar prosessdə Amerikanın iştirakını istəyirlər, lakin Azərbaycanın iştirakına qarşı çıxırlar".
Deputat əlavə etdi ki, Amerikanı daim düşmən hesab edən İran bölgədə onun varlığına, “Tramp dəhlizinin”nin fəaliyyətinə etiraz etmir, ancaq Azərbaycanın iştirakını İran üçün təhlükə kimi qiymətləndirir:
"Bu yanaşmanı anlamaq həqiqətən də çətindir. Buna görə də hesab edirəm ki, İranın mövqeyi və baxışı Azərbaycana qarşı qərəzdən və düşmənçilikdən qaynaqlanır. Bu cür açıqlamaların heç bir əsası yoxdur. Bir daha vurğulamaq lazımdır ki, söhbət sərhədlərin dəyişdirilməsindən deyil, yalnız kommunikasiyaların açılmasından gedir", - deyə Ceyhun Məmmədov vurğuladı.
Xədicə BAXIŞLI