"İranın Zəngəzur dəhlizinə müdaxilə etmək haqqı yoxdur" - AÇIQLAMA

"İranın narahatlığı Ermənistanın ərazi bütövlüyü ilə bağlı idi. İran iddia edirdi ki, Azərbaycan tarixi torpaqları üzərində nəzarəti ələ keçirəcək. Həmçinin bölgəyə xarici hərbi qüvvələrin müdaxilə ehtimalından danışırdı. Halbuki ilkin razılaşmalarda və bəyanatlarda, xüsusilə Azərbaycanla Ermənistan arasında 8 avqustda imzalanmış razılaşmada sərhədlərin toxunulmazlığı, ərazi bütövlüyünün qorunması, tərəflərin bir-birinə ərazi iddiası irəli sürməməsi kimi müddəalar təsbit olunub. Bu isə İranın irəli sürdüyü iddiaların əsassız olduğunu bir daha göstərdi".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Sədrəddin Soltan İran Prezidenti Məsud Pezeşkianın İrəvana səfərində Ermənistanın Azərbaycanla sülh danışıqlarını dəstəklədiyini, amma Qafqazda sərhədlərin dəyişdirilməsinə qarşı olduğu fikrinin Zəngəzur dəhlizi məsələsinə nə dərəcədə təsir etməsindən danışarkən bildirdi.
Onun sözlərinə görə, Prezident İlham Əliyev dəfələrlə Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiasının olmadığını bəyan edib:
"Azərbaycanın əsas tələbi Ermənistan Konstitusiyasının dəyişdirilməsi, yəni təcavüzkar, işğalçı müddəaların çıxarılmasıdır.
İran isə hesab edir ki, Zəngəzur dəhlizi məsələsi reallaşarsa, bölgəyə, xüsusən Ermənistana xarici, indiki halda ABŞ hərbi qüvvələri yerləşdirilə bilər. Bundan başqa, dəhlizin Amerika və Ermənistan şirkətləri tərəfindən inşaası da Tehran üçün təhlükə kimi qiymətləndirilir. O ki qaldı İranın Zəngəzur yolunun reallaşmasına təsir imkanlarına, bu, qeyri-mümkündür. Çünki söhbət Ermənistan ərazisindən gedir. Bu ərazidə hansı layihənin, hansı ölkə ilə həyata keçirilməsinə dair müstəsna hüquq Ermənistana məxsusdur. Bu, nəqliyyat layihəsidir və Ermənistanın maraqlarına cavab verir, ölkənin dünyaya çıxışını təmin edir".
Politoloq qeyd etdi ki, layihə həmçinin Ermənistanın iqtisadi, təhlükəsizlik maraqlarına xidmət edir, Azərbaycan və Türkiyə ilə münasibətlərin, ticarət əlaqələrinin bərpasına şərait yaradır.
"Beləliklə, bu məsələdə qərarvermə Ermənistanın müstəsna hüququdur. İranın buna müdaxilə etmək haqqı yoxdur. Tehran yalnız diplomatik vasitələrlə və ya müəyyən iqtisadi-ticari sanksiyalarla təsir etməyə cəhd göstərə bilər. Lakin ehtimal edirəm ki, İran belə addım atmayacaq. Deməli, Zəngəzur məsələsinə təsir baxımından İranın bəyanat verməkdən başqa imkanı yoxdur", - deyə Sədrəddin Soltan yekunlaşdırdı.
Xədicə BAXIŞLI