İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri ilə geniş tərkibdə görüşü olub - YENİLƏNİB

 15:00 22.08.2025     455

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə geniş tərkibdə görüşü olub.

Redaktor.az xəbər verir ki, Azərbaycan Prezidentini və nümayəndə heyətinin üzvlərini salamlayan Qurbanqulu Berdiməhəmmədov deyib:

- Ölkəmizə səfərə gəlmək dəvətini qəbul etdiyiniz üçün Sizə minnətdaram. Bu ilin iyulunda Azərbaycana səfərim çərçivəsində mənə göstərdiyiniz qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istəyirəm. Mən Azərbaycanın gözəl, mənzərəli yerlərini ziyarət etdim. Səfər zamanı mühüm məsələlər müzakirə olundu.

Ölkələrimiz arasında münasibətlər başlanğıcını tarixin dərinliklərindən götürür, ənənələrimiz oxşardır və bunlar bizi birləşdirən amillərdir. Siyasi, diplomatik, iqtisadi-ticari, mədəni-humanitar münasibətlərimizi bu təməl üzərində inkişaf etdiririk. Biz bu məsələləri indiki görüş əsnasında da müzakirə edəcəyik.

Bugünkü danışıqlarımız münasibətlərimizə təkan verir. Bu görüş çərçivəsində əməkdaşlığın mühüm məsələlərini nəzərdən keçiririk. Münasibətlərimiz əməkdaşlığın yüksək səviyyəsinə çatır, onların inkişafına böyük stimul verilir. Əlaqələrimizin genişləndirilməsi üçün böyük potensialın olduğunu qeyd etmək istəyirəm. Bu kontekstdə Türkmənistan-Azərbaycan münasibətlərinin inkişafı məqsədilə yeni təşəbbüslər irəli sürəcəyik.

İqtisadi-ticari əməkdaşlığın inkişafı əlaqələrimizin gündəliyində duran mühüm istiqamətdir. Bu istiqamətdə artıq böyük işlər görülüb. Bu əlaqələrin bundan sonra da inkişaf etdirilməsi, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması, enerji, nəqliyyat, toxuculuq sənayesi kimi sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanlarımız var.

Əməkdaşlığın mühüm sahəsi mədəni-humanitar əlaqələrdir. Onların inkişafı prioritet əhəmiyyət daşıyır. Bu kontekstdə əməkdaşlığın mühüm tərkib hissəsi qarşılıqlı Mədəniyyət Günlərinin keçirilməsi, təhsil, mədəniyyət, turizm, mədəni dəyərlərimizin - xalçaçılıq, atçılıq, tətbiqi sənətin inkişafı sahələrində tədbirlərin keçirilməsidir. Bu istiqamətdə mədəni mübadilə və əlaqələrin inkişafı üçün bütün imkanlarımız mövcuddur.

Türkmənistan Prezidentinin Sizə böyük salamını çatdırıram. Sizi Türkmənistanda görməyimə şadam. Biz dialoqumuzu BMT-nin dillərindən biri vasitəsilə davam etdirəcəyik.

Sözü Sizə verirəm.

***

Avqustun 22-də Türkmənbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub.

Redaktor.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdirdilər.

Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov dedi: Əziz dostum, Azərbaycan Respublikasının Prezidenti. Sizi bu gün ölkəmizdə görməyimə çox şadam. Bizi Xəzər dənizi birləşdirir. Əminəm ki, ikitərəfli görüşümüz məhsuldar olacaq. İkitərəfli görüşdən başqa, həmçinin Türkmənistan-Azərbaycan-Özbəkistan formatında üçtərəfli görüşün keçirilməsi də planlaşdırılır.

Siz də qeyd etdiyiniz kimi, biz – eyni regionda yerləşən üç ölkənin qardaş xalqları gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaradacaq, o cümlədən mədəniyyət sahəsində.

Öz adımdan, Prezidentin və bütün Türkmənistan xalqının adından bir daha qeyd etmək istəyirəm ki, Sizin səfəriniz bizim üçün bayramdır, sevindirici xəbərdir. Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm.

Xoş gəlmisiniz.

Azərbaycan Prezidenti İlham Əliyev çıxış edərək dedi: Çox sağ olun, hörmətli Qurbanqulu Məlikquliyeviç.

Əziz qardaşım, ilk növbədə, dəvətə və qonaqpərvərliyə görə təşəkkürümü, minnətdarlığımı bildirmək istəyirəm. Çox şadam ki, biz Sizinlə burada, gözəl Avaza şəhərində görüşürük. Bu şəhər Sizin əsərinizdir. Siz qardaş Türkmənistanda çox əsərlər yaratmısınız, onlardan biri də Avazadır.

Keçən ay Sizinlə Bakıda, Füzulidə, Şuşada görüşlərimi çox böyük məmnuniyyətlə xatırlayıram. Bizim aramızda olan dostluq, qardaşlıq əlaqələri xalqlarımızın iradəsinə əsaslanır. Xalqlarımız qardaşdır, dostdur, əsrlər boyu bir-biri ilə yaxın olublar.

Eyni zamanda, bu gün Sizin təşəbbüsünüzlə Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşü keçiriləcək. Mən bunu çox yüksək qiymətləndirirəm, bu, çox yaxşı təşəbbüsdür. Bizim xalqlarımızı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir. Qardaş ölkələrin məsələlərinin üçtərəfli formatda müzakirə edilməsi çox böyük məna daşıyır, bunun çox böyük faydası və gözəl nəticələri olacaq.

Əziz qardaşım, Sizə bir daha təşəkkürümü bildirirəm.

***

Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə avqustun 22-də təkbətək görüşü başlayıb.

Redaktor.az xəbər verir ki, əvvəlcə dövlət başçısı və Türkmənistan Xalq Məsləhətinin sədri birgə foto çəkdiriblər.

2222
Vumart və Güvən reklamı Vumart Güvən