"Paşinyan kifayət qədər ciddi şəkildə qorunur" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərlə söhbətində deyib ki, Qarabağ hərəkatını davam etdirməməliyik.
Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a açıqlama verən politoloq Zaur Məmmədov bildirdi ki, Paşinyanın “Qarabağ məsələsi artıq bitdi” deməsi olduqca mühüm hadisədir:
"Əslində, vaxtilə Prezident İlham Əliyev dəfələrlə bunu bəyan edirdi, amma həmin vaxt qəbul etmək istəmirdilər. Dövlət başçısı 44 günlük müharibədən dərhal sonra bildirmişdi ki, Qarabağ münaqişəsi sona çatıb, bu mövzu artıq gündəmdə deyil. O dövrdə Ermənistanda həm hakimiyyət daxilində, həm də siyasi dairələrdə cəhdlər göstərilirdi ki, məsələni yenidən beynəlxalq gündəliyə qaytarsınlar, mövzunu açıq saxlasınlar. Eyni zamanda Ermənistan diasporu və müxalifəti aktiv şəkildə hərəkət edirdi. Bununla yanaşı, bəzi xarici dövlətlər də müxtəlif formalarda addımlar atır, separatçılara siyasi simalar göndərilir, Qarabağın dağlıq hissəsində status-kvonun dəyişməyəcəyinə, orada separatçıların və erməni əhalisinin daim qalacağına inanırdılar. Lakin Prezident İlham Əliyevin Kəlbəcərdə sakinlərlə görüşdə bir daha vurğuladığı kimi, həm 44 günlük müharibə, həm də antiterror tədbirləri bütün bu iddialara son qoydu".
Onun sözlərinə görə, hazırda Paşinyan cəmiyyəti Azərbaycanla münasibətlərin yeni mərhələsinə hazırlamaqla məşğuldur:
"Çünki bu məsələlərdə son sözü xalq deməlidir. Ermənistanda 2026-cı ilin iyununda keçiriləcək seçkilər, əslində, bir növ referendum xarakteri daşıyacaq. Həmin seçkilər təkcə siyasi hakimiyyət məsələsi deyil, həm də Ermənistanın gələcəyi, Azərbaycanla münasibətlərin istiqaməti baxımından mühüm sınaq olacaq. Təbii ki, mövzular sırasında Qarabağ ermənilərinə dair ictimai rəy və Azərbaycanla əməkdaşlığa münasibət də xüsusi yer tutacaq. Paşinyanın da dediyi kimi, əgər xalq Vaşinqton razılaşmalarına qarşıdırsa, küçələrə çıxıb etiraz etməlidir. Amma reallıq göstərir ki, erməni xalqı kütləvi şəkildə etiraz etmir. Halbuki müxalifət və bəzi mətbuat orqanları Paşinyanı tənqid etsə də, fakt ondan ibarətdir ki, kütləvi narazılıq yoxdur. Bu isə xarici qüvvələrin və erməni müxalifətinin planlarının iflasa uğradığını, bundan sonra da nəticə verməyəcəyini sübut edir. O ki qaldı Paşinyanın devrilməsi məsələsinə, əgər kimsə bunu bacarırsa, buyursun etsin. Amma çoxdan devrilə bilmədilərsə, bu, onların gücsüzlüyündən xəbər verir. Paşinyan kifayət qədər ciddi şəkildə qorunur və görünən odur ki, bundan sonra da daha etibarlı formada qorunacaq".
Nuriyyə NATİQQIZI