"Kəlbəcər insanların ən çox ziyarət etdiyi məkan olaraq Azərbaycan tarixində özünə yer tutacaq" - Millət vəkili

Avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcərə səfər edib.
Redaktor.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov bildirdi ki, Kəlbəcər yenidən qurulur.
"İllər öncə biz Kəlbəcərin ermənilər tərəfindən necə barbarcasına və vəhşicəsinə dağıldığının şahidi olduq. Ermənilər bu əraziləri yandırdılar və çıxdıqları zaman da özləri ilə evlərindəki bütün əşyaları apardılar. Həqiqətən də o dövrdən bu dövrə baxanda biz Kəlbəcərin simasının tamamilə dəyişdiyini görürük. Ən müasir formada burda yaşayış kompleksləri yaradılıb, yollar ən yüksək səviyyədə çəkilib. Bu gün artıq müasir yollar, müasir komplekslər, müasir binalar və cənab prezidentin qeyd etdiyi kimi, yaxın vaxtda müasir məktəb də inşa olunacaq".
C.Məmmədov qeyd etdi ki, cənab prezidentin rəhbərliyi ilə Qarabağ, Şərqi Zəngəzur dünyanın ən abad, ən gözəl bölgələrindən birinə çevrilib:
"Bu gün burada bu işlər cənab prezidentin rəhbərliyi ilə ən yüksək səviyyədə həyata keçirilir. Bu, eyni zamanda gələcəkdə Kəlbəcərin turizm mərkəzlərindən birinə çevriləcəyini söyləməyə də əsas verir. Bu, ona çıxaracaq ki, Kəlbəcər insanların ən çox ziyarət etdiyi, ən çox vaxt keçirtdiyi, getməyi arzuladığı bir məkan olaraq Azərbaycan xəritəsində, Azərbaycan coğrafiyasında, Azərbaycan tarixində özünə yer tutacaq".
Aytəkin TOFİQQIZI