Qarabağdan Zəngəzura: Azərbaycanın tam qələbəsi

"32 illik ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib və lazimi infrastruktur qurulub. Yaxın illərdə burada dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması nəzərdə tutulur. Bu, təkcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir".
Bu fikirləri Redaktor.az saytına Milli Məclisin deputatı Pərvanə Vəliyeva vətəndaşlarımızın öz doğma yurdu olan Kəlbəcərə qayıdışını şərh edərkən bildirdi.
Onun sözlərinə görə, Kəlbəcərin işğalı Azərbaycan üçün həm faciə, həm də strateji zərbə idi:
"Bundan sonra Ermənistan bu torpaqları qaytarmamaqla yanaşı, formal olaraq danışıqlarda iştirak edirdi. Uzun illər davam edən nəticəsiz danışıqlar xalqın səbrini sınağa çəksə də, Azərbaycan heç vaxt işğalla barışmadı. Prezident İlham Əliyevin vurğuladığı kimi, xalqımız hər gün, hər saat Zəfər gününü yaxınlaşdırmaq əzmi ilə yaşadı. 44 günlük Vətən müharibəsi xalqımızın bir yumruq kimi birləşdiyini bütün dünyaya sübut etdi. Qəhrəman əsgər və zabitlərimiz canları, qanları bahasına torpaqlarımızı azad etdilər və Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Ermənistan ordusunda 12 min fərarinin olması onların acizliyini göstərirdi. Müharibədən sonra Kəlbəcər işğal altında qalsa da, Azərbaycan diplomatik və hərbi gücü ilə düşməni təslim olmağa məcbur etdi. Ölkəmiz qarşı tərəfə əşyalarını yığıb köçmək üçün bir neçə gün vaxt verdi. Lakin Kəlbəcərdə bir dənə də olsun salamat bina qalmamışdı. İşğalçılar şəhəri talan etmiş, küçələri yandırmış, məscidləri dağıtmışdılar. Çıxarılmaları üçün vaxt verilsə də, onlar bütün şəhəri viran qoyaraq tərk etdilər. Bu faciələr, Xocalı soyqırımı və digər vəhşiliklər xalqımızın yaddaşından heç vaxt silinməyəcək. Prezident İlham Əliyev də vurğuladı ki, Azərbaycan heç vaxt keçmişini unutmayacaq və qalib xalq kimi o acı günləri daim yada salacaq".
Onun sözlərinə görə, suverenliyimizin bərpası üçün sonuncu missiya 2023-cü ilin sentyabrında bir gündən az müddətdə həyata keçirildi və bununla da ərazi bütövlüyümüz tam təmin edildi:
"Bu gün regionda yeni siyasi və iqtisadi reallıqlar formalaşıb. Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin mətnində ölkəmizin maraqları qabarıq şəkildə əksini tapıb. Ən mühüm strateji nailiyyətlərdən biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru bağlantısının təmin edilməsidir. Yaxın illərdə həm avtomobil, həm də qatarla Naxçıvana birbaşa səfər mümkün olacaq. Zəngilana qədər dəmir yolunun inşası davam edir, Ermənistan isə öz ərazisində dəmir yolu çəkilməsini öhdəsinə götürüb. Zəngəzur dəhlizinin açılması Azərbaycanın regionu beynəlxalq nəqliyyat mərkəzinə çevirməsi deməkdir.Prezident İlham Əliyev çıxışında diqqəti bir mühüm məqama yönəltdi: Ermənistanı dəstəkləyən qüvvələr işğal dövründə və müharibə zamanı daim Azərbaycanın qarşısını almağa çalışırdılar. Rusiya, ABŞ və Avropanın bəzi ölkələri münaqişəni dondurmaq, işğalı unutdurmaq siyasəti aparır, Ermənistanı dəstəkləyir, silahlandırırdılar. Hesablamalara görə, bu müddət ərzində 5–6 milyard dollar dəyərində silah Ermənistana verilmişdir. Əgər vaxtında real təzyiqlər olsaydı, Ermənistan torpaqları sülh yolu ilə qaytarardı. Lakin Azərbaycan bu ədalətsizlik qarşısında geri çəkilmədi və haqq işini sona qədər davam etdirdi.
Azərbaycan xalqı 30 il ərzində bütün dünyaya göstərdi ki, işğalla barışmayacaq. 2020-ci ilin Zəfəri və ardınca həyata keçirilən əməliyyatlar dövlətimizin gücünü təsdiqlədi. Dövlət başçısının dediyi kimi, son 80 ildə dünyada heç bir ölkə Azərbaycan qədər tam və mütləq qələbə qazana bilməyib. Bu, yalnız hərbi qələbə deyil, həm də xalqın ləyaqətinin, dövlətin siyasi iradəsinin və beynəlxalq hüququn bərpasıdır. Bu gün Azərbaycan yalnız qalib dövlət deyil, həm də regionda sülhün təminatçısıdır. Amma eyni zamanda hərbi gücünü daim artırır, çünki təhlükəsizliyimizin yeganə qarantı özümüzük. Təxribat törətmək istəyənlər bir daha xalqımızın əzmini və gücünü görəcəklər. 32 illik ayrılıqdan sonra Kəlbəcərə həyat qayıdır. Bir vaxtlar çadırlarda, uşaq bağçalarında və uyğunlaşdırılmış binalarda məskunlaşmağa məcbur olan kəlbəcərlilər bu gün doğma yurda dönürlər. Azərbaycan dövlətinin həyata keçirdiyi Böyük Qayıdış proqramı çərçivəsində artıq ilk yaşayış kompleksi istifadəyə verilib, infrastruktur qurulub. Yaxın illərdə burada dörd yaşayış massivində 10 min nəfərin məskunlaşması nəzərdə tutulur. Bu, təkcə məskunlaşma deyil, həm də ədalətin, xalqın iradəsinin və tarixi qələbənin təntənəsidir".
Nuriyyə NATİQQIZI