Üçtərəfli görüş üçün yeganə şans: Trampın təşəbbüsü

"Üçtərəfli görüşün yalnız Ukrayna, Rusiya və ABŞ prezidentləri arasında keçirilə biləcəyi düşünülür. Rusiya bu formatı ancaq ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenskinin iştirakı ilə qəbul edə bilər. Bu halda həm Putin, həm də Tramp Zelenskiyə müəyyən şərtləri qəbul etdirməyə çalışa bilər. Belə bir format Moskvaya sərf edir, əks halda Kreml Ukraynanın taleyini ikitərəfli müzakirələrlə həll etməyə üstünlük verəcək".
Bu fikirləri Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev ABŞ, Rusiya və Ukrayna görüşünün mümkünlüyündən danışarkən bildirdi.
"Rusiya rəhbərliyinin Ukrayna ilə ayrıca görüş keçirməsi gözlənilmir, çünki Putin Zelenskini legitim prezident hesab etmir. Moskvanın mövqeyinə görə, Avropa liderlərinin əsas məqsədi münaqişəni uzatmaq, Rusiyanı zəiflətmək, müharibədən məğlub və ya ağır zərbələrlə çıxmasına nail olmaqdır. Buna görə də Rusiya düşmən kimi qəbul etdiyi Avropa ölkələrinin rəhbərləri ilə görüşmək istəmir. Xüsusilə də həmin liderlərin müşayiəti altında Ukrayna rəhbərliyi ilə görüşmək Kremlin mövqeyinə uyğun gəlmir. Bu halda Putin təklənmiş vəziyyətdə görünəcək və belə bir görüntü vermək istəməyəcək. Burada sual ondan ibarətdir ki, Rusiya Zelenski ilə ümumiyyətlə ayrıca görüşmək istəmir, yoxsa Avropa liderləri ilə birlikdə olduğu halda qəbul etmir. Əgər Zelenski ilə də görüş planlaşdırılmırsa, bu, sülh danışıqları üçün mənfi haldır, çünki Putinlə Zelenski arasında birbaşa görüş baş tutmayacaq. Əgər Tramp təşəbbüs göstərərsə, həm Putin, həm də Zelenski ilə üçtərəfli formatda görüş mümkündür. Digər hallarda bu ehtimal olduqca zəifdir", - deyə müsahibimiz qeyd etdi.
Xədicə BAXIŞLI