“Ermənilərin Şuşaya gəlişi üçün əsas yoxdur”

 18:54 22.08.2025     65

Ermənistan Baş naziri Nikol Paşinyan bildirib ki, sülh şəraitində ermənilərin Şuşaya turist kimi getmə imkanı var.

Mövzu ilə bağlı fikirlərini Redaktor.az-a danışan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bildirdi ki, gec-tez Ermənistanla Azərbaycan arasında münasibətlər normallaşacaq:

"Ən azı qonşuluq səviyyəsində münasibətlər normallaçacaq. Bizim əhali Ermənistan ərazisinə, ermənilər isə Azərbaycana gələ biləcək. Amma yaxın zamanda onların Şuşaya gələcəyini düşünmürəm. Xüsusilə də Şuşaya. Paşinyan həmin fikri o mənada deyib ki, Ermənistan-Azərbaycan münasibətləri artıq elə mərhələyə çatıb ki, düşmənçilik meyilləri zəifləyib və qonşuluq münasibətlərinin qurulması istiqamətində ciddi addımlar atılır.

Əslində, ermənilərin Şuşaya gəlməsi üçün ciddi əsas yoxdur. Doğrudur, Rusiya hələ də ermənilərin Qarabağa qayıtması məsələsini gündəmə gətirir. Amma bunu reallaşdırmaq mümkün deyil. Ermənistan rəhbərliyi dəfələrlə bəyan edib ki, ermənilərin kollektiv şəkildə Azərbaycana köçürülməsi gündəmdə deyil və buna imkan verilməyəcək. Ona görə də gələcəkdə fərdi halda, məsələn, səyahət məqsədilə kimlərsə Azərbaycana gələ, eləcə də azərbaycanlılar İrəvana və ya Ermənistanın digər bölgələrinə gedə biləcək. Hazırda isə bu məsələ aktual deyil, sadəcə aparılan siyasətin nəticəsini göstərmək üçün səsləndirilmiş fikirdir".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən