"İlham Əliyevin Türkmənistana səfəri yalnız diplomatik protokol deyil"

 19:31 22.08.2025     100

Prezident İlham Əliyev bu gün Türkmənistana səfər edib. Səfər çərçivəsində Türkmənistanda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcəyi, daha sonra isə Qəbələdə Türk dünyasının liderlərinin görüşünün təşkil olunacağı bildirilib və bu tədbirə Türkmənistan prezidenti Sərdar Berdiməhəmmədovun Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov da dəvət olunacaq.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, İlham Əliyevin Türkmənistana səfəri yalnız ikitərəfli münasibətlər çərçivəsində deyil, həm də daha geniş türk dünyasının geosiyasi inteqrasiyası prizmasında qiymətləndirilməlidir.

"Bu səfər Azərbaycan-Türkmənistan əlaqələrinin strateji tərəfdaşlıq mərhələsinə qədəm qoyduğunu göstərir. Mədəniyyət Günlərinin keçirilməsi isə sırf protokol xarakterli tədbir deyil, xalqları bir-birinə yaxınlaşdıran yumşaq güc siyasətinin bariz nümunəsidir. Türkmənistan uzun müddət neytrallıq siyasətinə üstünlük verirdi, lakin indi Azərbaycan vasitəsilə həm türk dünyasına, həm də Avrasiya məkanına daha fəal inteqrasiya edir. İlham Əliyevin bu səfəri də Türkmənistanı regional əməkdaşlığa daha da cəlb etmək məqsədi daşıyır. Burada xüsusilə enerji, nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişlənməsi önə çıxır".

Politoloq vurğuladı ki, Türk dünyasının liderlərinin görüşünün Qəbələdə keçirilməsi təsadüfi deyil:

"Birincisi, bu, Azərbaycanın təşkilati gücünə və diplomatik nüfuzuna verilən etimadın göstəricisidir. İkincisi, Azərbaycanın mədəni və tarixi irsi ilə zəngin bölgəsində Qəbələdə belə bir toplantının təşkili türk dövlətləri arasında tarixi bağları daha da önə çıxarır.

Görüşün ikinci dəfə Azərbaycanda keçirilməsi həmçinin Azərbaycanın Türk dünyasında lider rolunu təsdiqləyir. İlham Əliyev son illərdə Türk Dövlətləri Təşkilatında ən fəal liderlərdən biri kimi çıxış edir. Azərbaycanın qazandığı hərbi və siyasi uğurlar, eləcə də iqtisadi sabitliyi onu bu məkanın əsas dayaqlarından birinə çevirib. Türkmənistan prezidentinin və Xalq Məsləhətinin sədrinin Qəbələyə dəvəti isə Bakının Aşqabadla münasibətlərinə verdiyi strateji əhəmiyyəti göstərir. Bu addım həm də türkdilli dövlətlərin kollektiv gücünü nümayiş etdirmək məqsədi daşıyır".

Müsahibimizin sözlərinə görə, Türkmənistanın proseslərə fəal qoşulması türk dünyasının bütövlüyünü daha da gücləndirəcək.

"Nəticə etibarilə, İlham Əliyevin Türkmənistana səfəri yalnız diplomatik protokol deyil, türk dünyasının gələcək geosiyasi xəritəsini müəyyən edən mühüm hadisədir. Azərbaycan burada həm körpü, həm də lider funksiyasını icra edir. Qəbələdə keçiriləcək toplantı isə Bakının regional liderliyinin təsdiqi olmaqla yanaşı, türk dövlətlərinin birgə güc nümayişidir", - deyə Tural İsmayılov qeyd etdi.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən