"Rusiya bu dövlətləri çəkindirmək üçün hücumları təzyiq vasitəsinə çevirir" - Deputat

Rusiya Ukraynada ABŞ-yə məxsus zavoda hücum edib. Xatırladaq ki, bundan əvvəl Azərbaycanın Ukraynadakı SOCAR yanacaqdoldurma məntəqəsi də Rusiyanın hücumuna məruz qalmışdı.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov bildirdi ki, artıq üç ildən çoxdur Rusiya-Ukrayna müharibəsi davam edir.
"Bu müddətdə Rusiya dəfələrlə Ukraynada mövcud olan infrastruktura, xüsusən də xarici şirkətlərin maliyyələşdirdiyi və ya sərmayəsi ilə qurulan obyektlərə zərbələr endirib. Bu yalnız infrastrukturla məhdudlaşmayıb. Məsələn, Qərb ölkələrindən Ukraynaya göndərilən humanitar yardım qatarları, həmçinin Ukraynadan xaricə daşınan taxıl yükləri istər dəniz, istərsə də dəmir yolu vasitəsilə hədəfə çevrilib. Rusiyanın silahlı qüvvələrinin belə zərbələri bir neçə səbəblə izah olunur. Birincisi, hərbi məntiq amilidir. Moskva rəsmi mövqeyində bildirir ki, Ukraynada vurulan obyektlər hərbi və logistika təyinatlıdır. Buraya enerji təminatı, silah-sursatın daşındığı anbarlar, təchizat yolları daxildir. Bu obyektlər Qərbin dəstəyi ilə fəaliyyət göstərdiyi üçün Rusiya onları leqal hədəf sayır. Hətta mülki infrastruktura aid olsa belə, xarici maliyyə və dəstək hesabına idarə olunduğu üçün Moskva onları Ukraynanın müharibə potensialının tərkib hissəsi kimi qiymətləndirir.
İkinci element siyasi təzyiq xarakteri daşıyır. Ukraynaya yardım edən dövlətlər və onların şirkətləri limanların, nəqliyyat xətlərinin, enerji sistemlərinin bərpasında yaxından iştirak edirlər. Rusiya bu dövlətləri çəkindirmək, onların prosesdən uzaqlaşmasına nail olmaq üçün hücumları təzyiq vasitəsinə çevirir.
Üçüncü səbəb isə Ukrayna iqtisadiyyatının zəiflədilməsidir. Limanların, elektrik stansiyalarının, dəmir yolu qovşaqlarının, sənaye müəssisələrinin dağıdılması Ukraynanın iqtisadi asılılığını artırır. Dövlətin gəlirləri azalır, xarici yardımdan asılılıq güclənir. Moskva üçün bu, ciddi strateji üstünlük sayılır, çünki daha çox maliyyə resursu Ukraynaya əlavə silah almaq imkanı yarada bilər".
Millət vəkili bildirdi ki, Rusiyanın hücumunun siyasi mesaj aspekti də nəzərə çarpır.
"Qərb ölkələrinə ünvanlanan bu zərbələr həm də onların müharibədəki iştirakına qarşı xəbərdarlıq xarakteri daşıyır. Müharibənin gedişində dəfələrlə bu tip halların şahidi olunub. Məsələn, yalnız SOCAR və ya Amerika şirkətlərinə aid zavodlar deyil, başqa ölkələrin sərmayəsi ilə fəaliyyət göstərən müəssisələr də vurulub. Bu, Qərbi qorxutmaq, eyni zamanda Ukrayna xalqına mənəvi-psixoloji təsir göstərmək niyyəti ilə həyata keçirilir. Bunun bariz nümunəsi Mukaçevoda yerləşən Amerika şirkəti ''Flex''ə məxsus zavoda kütləvi hücumdur. Bu, birbaşa ABŞ-yə ünvanlanan siyasi mesaj kimi də qiymətləndirilir.
Nəticə etibarilə, enerji, logistika, nəqliyyat və sənaye infrastrukturu Rusiya silahlı qüvvələrinin hədəfində qalır. Moskva bu hücumlarla həm xarici dövlətlərə təsir göstərməyə çalışır, həm də gedən proseslərdə üstün tərəf olduğunu nümayiş etdirmək niyyəti güdür. Beləliklə, bu addımlar Rusiyanın həm siyasi, həm hərbi, həm də psixoloji təzyiq aləti kimi çıxış edir", - deyə Azər Allahverənov qeyd etdi.
Xədicə BAXIŞLI