"Putinin açıqlamaları siyasi manipulyasiya xarakteri daşıyır"

Rusiya Prezidenti Vildamir Putin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşə hazır olduğunu bilidirib.
Politoloq Elçin Xalidbəyli Redaktor.az-a açıqlamasında bildirdi ki, Rusiya Prezidenti Putinin Ukrayna lideri Zelenski ilə görüşə hazır olması barədə açıqlamaları daha çox siyasi manipulyasiya xarakteri daşıyır.
"Kreml Putin və Zelenski arasında görüşün keçirilməsini istəmir. Kremlinin əsas hədəfi ondan ibarətdir ki, əgər belə bir görüş keçiriləcəksə, həmin görüşdə Putin və Ukrayna lideri Zelenski sülh sazişi imzalamış olsunlar. Təbii ki, Rusiyanın şərtləri çərçivəsində hazırlanmış bir sənədin imzalanmasını nəzərdə tuturlar. Ona qədər isə Kreml prezidentlər səviyyəsində görüşün keçirilməsini mümkün hesab etmirlər. Sadəcə ona görə də məhz indi Zelenski-Putin görüşünün keçirilmə ehtimalı ilə bağlı verilən məlumatlar daha çox siyasi manipulyasiya xarakteri daşıyır. Rusiya belə siyasi manipulyasiyalarla müəyyən qədər zaman qazanmağa cəhd göstərir. Çünki Tramp administrasiyası Rusiyaya qəzəblidir və Alyaska görüşünün nəticələrinin iflasa uğraması, Putinin Trampla əldə olunan anlaşmaları pozması ucbatından Amerika Birləşmiş Ştatları Rusiyaya dağıdıcı sanksiyalar tətbiq etməyə hazırlaşır".
Onun sözlərinə görə, Tramp administrasiyası Ukraynaya da ən müasir Amerikanın hücum silahlarını vermək niyyətindədir.
"Bu da Rusiya üçün ciddi təhlükədir. Bu situasiyanın Rusiya üçün ağır nəticələri olacağı, ola biləcəyini nəzərə alan Kreml Putin-Zelenski görüşü ilə bağlı mövzunu gündəmə gətirməklə zaman qazanmağa, siyasi manipulyasiyalar etməyə cəhd göstərir. Amma reallıqda belə bir görüşün baş tutma ehtimalı o qədər də inandırıcı deyil. Çünki Kreml Zelenski ilə Putinin görüşünün məhz Moskvada keçirilməsini istəyir. Halbuki, ərazisi işğal olunmuş bir ölkənin başçısı, yəni Zelenski işğalçı ölkənin lideri ilə görüşmək üçün Rusiyanın paytaxtına getməz və gedərsə də bu onun ən böyük səhvi olar, eyni zamanda ağır nəticələrlə üzləşər. Yəni bu baxımdan Putin də Rusiyadan kənarda Zelenski ilə görüşmək istəmir. Kremlin taktikası ondan ibarətdir ki, vəziyyəti mümkün qədər dolaşdırsın. Nə hərb, nə sülh manipulyasiyaları üzərindən qərbi də, Ukraynanı da çaşdıra bilsin. Yaxın vaxtlarda belə bir görüşün baş tutma ehtimalı hələlik o qədər də inandırıcı deyil".
Aytəkin TOFİQQIZI