“Xankəndidə imzalanan razılaşmalar Azərbaycan, Türkmənistan və Özbəkistan münasibətlərində yeni səhifə açdı” - Deputat

 14:42 25.08.2025     209

"Azərbaycan, Türkmənistan və Özbəkistan arasında münasibətlər əsasən tarixi, mədəni və iqtisadi bağlılıqlara əsaslanır. Bu ölkələr türksoylu xalqlar olub bir çox sahədə ortaq maraqlara sahibdirlər. Azərbaycan-Türkmənistan və Azərbaycan-Özbəkistan münasibətləri müstəqillikdən sonra formalaşıb. Ölkələr qarşılıqlı hörmət və qeyri-müdaxilə prinsipləri əsasında əməkdaşlıq edirlər. Hər üç dövlət beynəlxalq təşkilatlar, xüsusilə Türk Dövlətləri Təşkilatı, BMT və Qoşulmama Hərəkatı çərçivəsində sıx əlaqədədir".

Bu fikirləri Redaktor.az-a Azərbaycan, Türkmənistan və Özbəkistan arasında keçirilən üçtərəfli görüş haqqında danışan Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirdi.

Onun sözlərinə görə, Azərbaycan, Türkmənistan və Özbəkistan ortaq tarixi, mədəniyyəti və dili paylaşır:

"Bu xüsusiyyətlər siyasi əlaqələrin möhkəmlənməsində mühüm rol oynayır. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər, sammitlər və beynəlxalq tədbirlərdə iştirak, həmçinin regionda sülh və təhlükəsizlik məsələlərində oxşar mövqelərin nümayişi, dayanıqlı inkişaf və ətraf mühitin qorunması üzrə təşəbbüslər bu ölkələrin dostluq və əməkdaşlıq münasibətlərini gücləndirir. 2025-ci ilin 3-4 iyul tarixində Xankəndidə yeni inşa edilmiş Konqres Mərkəzində Azərbaycan, Türkmənistan və Özbəkistan rəhbərlərinin iştirakı ilə keçirilmiş 17-ci ECO Zirvə görüşü bərpa işlərinin simvolik göstəricisi hesab olunur. Zirvə “Dayanıqlı və iqlim dəyişikliyinə davamlı bir gələcək üçün yeni ECO vizyonu” mövzusunda qurulub və yekunda Xankəndi Kommunikəsi qəbul edilib".

Millət vəkili əlavə etdi ki, Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri çərçivəsində üçtərəfli görüşdə ölkələr arasında bir çox mühüm məsələlər müzakirə olunub:

"Bu tədbir Azərbaycan, Türkmənistan və Özbəkistan arasında yeni strateji əməkdaşlıq dövrünün başlanğıcıdır. Ölkə başçıları tərəfindən imzalanmış Bəyanat ortaq tarixi-mədəni dəyərlər və dostluq əsasında əməkdaşlığı daha da gücləndirmək məqsədini əks etdirir. Üç dövlətin birgə bəyanatı nəticəsində Azərbaycan-Türkmənistan-Özbəkistan arasında nəqliyyat və logistika əməkdaşlığına dair Anlaşma Memorandumu, Azərbaycan (Füzuli) və Türkmənistan (Arxadağ) arasında qardaşlaşma protokolu və Azərbaycan ilə Türkmənistandakı hava yolları arasında beynəlxalq əlaqələrin inkişafı üçün memorandum imzalanıb. Bu tədbirlər ölkələr arasında sıx əməkdaşlığın davam etməsini, regional əməkdaşlığın dərinləşməsini, iqtisadi artımın sürətlənməsini və Türk dünyasının birliyinin möhkəmlənməsini təmin edəcək".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən