Azərbaycan-Rusiya münasibətlərində yeni reallıqlar: Politoloqdan ŞƏRH

 15:00 26.08.2025     364

"2020-ci il Vətən müharibəsində Azərbaycan, Rusiyanın hərtərəfli dəstək verdiyi Ermənistanı məğlub edərək torpaqlarını işğaldan azad etdi. Bu qələbə Moskvanın regiondakı təsir imkanlarını sual altına qoydu. Kreml mövqeyini qorumaq üçün Azərbaycana qarşı hərbi, iqtisadi və siyasi alətlərdən istifadə etməklə “hibrid müharibə” taktikasına əl atdı. Məqsəd Bakını qorxutmaq, əhalini dövlətə qarşı yönləndirmək və ölkəni yenidən Kremldən asılı vəziyyətə salmaq idi. Lakin bu plan nəticəsiz qaldı".

Bu fikirləri Redaktor.az-a Azərbaycan-Rusiya münasibətləri haqqında danışan politoloq Qəvami Sadıqbəyli bildirdi.

Onun sözlərinə görə, Bakı beynəlxalq hüququn prinsiplərinə əsaslanan müstəqil siyasət kursunu davam etdirir:

"Azərbaycan Rusiya ilə münasibətlərdə qarşıdurmaya getməsə də, təzyiqlər qarşısında da geri çəkilmədi. Əksinə, Türkiyə, Qərb və regionun digər gücləri ilə strateji tərəfdaşlığı gücləndirdi. Bu möhkəm mövqe Moskvanı münasibətlərə yenidən baxmağa vadar etdi. Son hadisələr göstərir ki, Azərbaycan-Rusiya əlaqələrində “buzların əriməsi” prosesi başlayıb. Avqustun 22-də Astarxanda İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 23-cü iclası keçirildi. Azərbaycan nümayəndə heyəti iclasdan öncə ümummilli lider Heydər Əliyevin Astarxandakı abidəsini ziyarət etdi. Bu jest Moskvanın Azərbaycan tarixinin və liderliyinin roluna hörmətinin simvolik ifadəsi kimi qiymətləndirilə bilər.

İclasda Rusiya tərəfini vitse-premyer Aleksey Overçuk, Astarxan qubernatoru İqor Babuşkin və digər yüksək vəzifəli şəxslər təmsil edirdi. Qubernator Babuşkin bildirdi ki, cari ilin ilk 6 ayında Astarxandan Azərbaycana balıq ixracı 5% artıb, tərəvəz və un məhsullarının tədarükü genişlənib. Mədəni əməkdaşlıq məsələləri də gündəmdə saxlanılır. Münasibətlərdə yeni mərhələni göstərən başqa bir detal isə prezident Vladimir Putinin Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya göndərdiyi təbrik məktubudur. Bu, sadəcə şəxsi diqqət yox, həm də Bakıya ünvanlanan siyasi jest kimi dəyərləndirilir. Bütün bunlar göstərir ki, Azərbaycan öz müstəqil siyasətini qoruyaraq Kremlin təzyiqlərinə tab gətirdi və Moskva reallıqla barışmağa məcbur oldu. Bakı isə Vaşinqtonda imzalanmış “Sülh çərçivə sazişi”ni əsas götürərək regionda sülh və əməkdaşlıq modelini möhkəmləndirməyə çalışır. Nəticə etibarilə Azərbaycan-Rusiya münasibətləri qarşılıqlı iqtisadi maraqlar, mədəni əlaqələr və siyasi jestlər üzərində formalaşır. Bu isə həm regionun sabitliyi, həm də Azərbaycanın balanslaşdırılmış xarici siyasətinin uğuru kimi dəyərləndirilə bilər".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən