"Moskva öz geopolitik maraqlarında heç vaxt Tehrana sadiq olmayıb" - AÇIQLAMA

İranda Sistem Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Məhəmməd Sədr Rusiya ilə bağlı sərt açıqlama verib. O, İsrailin İranın müdafiə sistemlərini Moskvanın ötürdüyü məlumatlar hesabına vurduğunu iddia edib və Rusiyaya güvənməyin mümkün olmadığını bildirib. Sədr həmçinin Rusiyanın İrana S-400 sistemləri və Su-35 qırıcılarını verməkdən imtina etdiyini xatırladaraq, iki ölkə arasında imzalanmış “strateji tərəfdaşlıq” müqaviləsini “boş və faydasız” sənəd adlandırıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında siyasi şərhçi Tural İsmayılov bildirdi ki, İranlı siyasətçi Məhəmməd Sədrin açıqlamaları əslində iki mühüm həqiqəti üzə çıxarır:
"Birincisi, Tehran daxilində Rusiyaya olan inam ciddi şəkildə sarsılıb. İkincisi, “strateji tərəfdaşlıq” adlanan konsepsiyanın kağız üzərində olduğunu göstərir. İran uzun illərdir ki, Rusiyanı Qərbin alternativi kimi görməyə çalışırdı. Amma Moskva öz geopolitik maraqlarında heç vaxt Tehrana sadiq olmayıb. Çünki Rusiya üçün İsrail regionda daha mühüm oyunçudur, həm də Qərb strukturlarına dolayı təsir imkanları olan dövlətdir. Moskva heç vaxt İsraillə münasibətlərini qurban verib, İranı açıq şəkildə dəstəkləməyəcək. Sədrin ittihamı da məhz buradan qaynaqlanır “İsrailin İranın müdafiə sistemlərini vurması rusların verdiyi məlumatlar hesabına baş tutub” deyərkən o, əslində Rusiya-İsrail yaxınlığını ifşa edir. S-400 və Su-35 məsələsinə gəldikdə, bu, Kreml diplomatiyasının ənənəvi oyunu sayılır. Moskva illərlə Tehrana “verəcəyik” deyib, amma faktiki olaraq ya ləngidib, ya da ümumiyyətlə, imtina edib. Çünki Rusiyanın İranı tam silahlandırmaq niyyəti yoxdur".
Politoloq qeyd etdi ki, Tehranın çox güclənməsi Moskvanın regional balans strategiyasına ziddir.
"İran güclü olsa, nəinki İsrail üçün, hətta Rusiyanın Suriyadakı maraqları üçün də risk yarada bilər. Ona görə Kreml silah məsələsini daim “vasitəçilik kartı” kimi saxlayır. İndi əsas məsələ budur ki, İran-Rusiya münasibətləri həqiqətən də dağılırmı? Məncə, tam qırılmadan söhbət gedə bilməz. Çünki hər iki ölkə Qərb tərəfindən təcrid olunub və bir-birinə ehtiyac duyurlar. Amma “strateji müttəfiqlik” anlayışının boş bir şüar olduğu artıq İran siyasi dairələrində də qəbul edilir. Moskva üçün Tehran sadəcə “vaxtilə lazım olan, indi isə nəzarətdə saxlanmalı tərəfdaşdır”. Bu ritorikanın indi səslənməsi də təsadüfi deyil. İsrailin son hücumları İran daxilində böyük narazılıq doğurub və hökumət məsuliyyəti bölüşdürməyə çalışır. Bu şəraitdə Rusiyanın “səssiz qalması” İranda şok effekti yaradıb. Beləliklə, Məhəmməd Sədrin açıqlaması daxili siyasət üçün də bir mesajdır: “Rusiyaya kor-koranə güvənmək olmaz, alternativlər düşünülməlidir”.
''Yekunda mənim qənaətim budur ki, İranın Rusiyaya güvəni artıq strateji deyil, situativ xarakter daşıyır. Moskva üçün Tehran sadəcə Qərbə qarşı oyun kartıdır, amma İran üçün bu, daha ciddi nəticələr doğura bilər. Əgər Tehran hələ də Rusiyanın dəstəyinə ümid edirsə, bu, ən azı siyasi sadəlövhlükdür", - deyə Tural İsmayılov yekunlaşdırdı.
Xədicə BAXIŞLI