"Avropa İttifaqı və Britaniya çalışır ki, Rusiya-Ukrayna müharibəsi uzansın" - Siyasi şərhçi

 18:10 26.08.2025     82

"Ukrayna məsələsi, həm də Avropa İttifaqı ilə Birləşmiş Ştatlar arasındakı münasibətlərin gələcək istiqamətlərini müəyyən edəcək. Tərəflər, xüsusilə ABŞ, Rusiya, Avropa İttifaqı və Britaniya təkcə Ukraynadakı vəziyyətin həllinə deyil, öz maraqlarının qorunmasına yönəlmiş proses aparırlar. Buna görə də məsələ kifayət qədər mürəkkəb xarakter daşıyır".

Bu fikirləri Redaktor.az-a Rusiya-Ukrayna müharibəsi haqqında danışan Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu bildirdi.

Müsahibimiz qeyd etdi ki, Avropa İttifaqı və Britaniya çalışır ki, müharibə uzansın və ənənəvi strategiya yəni, Rusiyanın zəiflədilməsi, daxildən çökdürülməsi və hakimiyyət dəyişikliyi perspektivi davam etsin:

"Amma Birləşmiş Ştatlar bu yanaşmanı dəstəkləmir. Çünki Vaşinqton Moskva ilə münasibətlərin normallaşdırılması istiqamətində addımlar atır. ABŞ, Rusiyanın dəstəyi ilə Avropa İttifaqını öz təsir dairəsində saxlamağa çalışır. Avropa İttifaqı isə anlayır ki, Ukraynada münaqişə həll olunduqdan sonra ABŞ-nin təzyiqləri daha da güclənəcək.

Beləliklə, Ukrayna həm də tərəflərin gələcək maraqlarının təmin olunması üçün bir növ siyasi alətə çevrilir. Rusiya ilə ABŞ pərdəarxası anlaşmalar əsasında müəyyən addımlar atır. Moskvanın hərbi hücumlarının artması Avropa İttifaqında təhlükə hissini gücləndirir və bu, qurumu daha çox ABŞ-dən asılı vəziyyətə salır. Bu mənada Rusiyanın Ukraynaya hücumları həm də Vaşinqtonun maraqlarına xidmət edən vasitəyə çevrilir. Bütün bunlara görə, Ukrayna məsələsi ətrafında kifayət qədər mürəkkəb və çoxqatlı vəziyyət mövcuddur".

Nuriyyə NATİQQIZI

Vumart və Güvən reklamı Vumart Güvən