"Azərbaycan öz təhlükəsizliyini öz gücü hesabına qoruyur" - Deputat

 16:50 27.08.2025     123

Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib. Müsahibəsində bildirib ki, Azərbaycan ərazisində bir nəfər də olsun rus əsgəri yoxdur. O qeyd edib ki, Rusiyanın Ermənistanda hərbi bazası və minlərlə hərbçisi var, sərhədləri də rus sərhədçiləri qoruyur.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov bildirdi ki, İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Müstəqil Dövlətlər Birliyində (MDB) konfliktlərə məruz qalan ölkələr arasında ərazi bütövlüyü və suverenliyini bərpa edən ilk dövlətdir.

"Bu gün Azərbaycan ərazisində heç bir dövlətin qoşunları yoxdur. Azərbaycan öz təhlükəsizliyini öz gücü, imkanları hesabına qoruyur və gücləndirir. Bu kontekstdə təbii ki, Azərbaycan istənilən təhdidlərə cavab vermək gücündədir və biz son illərdə, xüsusən də Vətən müharibəsi dövründə, o cümlədən antiterror hadisələrindən sonra bir sıra təhdidlərə məruz qaldıq, amma Azərbaycan bütün təhdidlərə cavab verdi".

Millət vəkili əlavə etdi ki, Azərbaycan gələcəkdə də bütün təhdidlərə cavab vermək gücündədir.

"Bu gün Azərbaycan öz gücü ilə regional orta dövlətə çevrilib. Bu isə o deməkdir ki, Azərbaycan regional məsələlərə təsir imkanlarını son illər daha da artırıb. Yeni düzən fonunda isə biz Azərbaycanın orta dövlət olaraq gücünün daha da artmasını müşahidə edirik", - deyə müsahibimiz yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən