"Rusiyanın Azərbaycana təzyiq göstərəcəyi ehtimal edilmir" - Deputat

"Əl-Ərəbiyyə telekanalının jurnalisti müsahibə zamanı İlham Əliyevə maraqlı bir sual ünvanladı. Onun Rusiyanın Azərbaycana qarşı hər hansı addım atması, yaxud Azərbaycanın təşəbbüslərinə əks mövqe sərgiləməsi ilə bağlı söylədikləri, həmçinin coğrafiya və dəhliz məsələlərinə toxunması göstərirdi ki, sual kifayət qədər çoxşaxəli xarakter daşıyır".
Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Allahverənov Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına müsahibə zamanı Rusiya ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.
"Burada ilk olaraq nəzərə almaq vacibdir ki, Azərbaycan hansı fəaliyyətləri ilə Rusiyada müəyyən qısqanclıq doğura bilər. Məsələ ondadır ki, Azərbaycan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində mühüm uğurlara nail olub. Ölkə hazırda postmünaqişə dövrünü yaşayır və 30 ildən artıq davam edən münaqişənin həllinin final mərhələsinə daxil olub. Bu prosesdə Azərbaycan Qərblə, xüsusilə də ABŞ ilə yaxından əməkdaşlıq edir və bir sıra məsələlərdə ciddi koordinasiya işləri həyata keçirilir. Buraya Cənubi Qafqazdakı proseslər, Zəngəzur dəhlizi layihəsi və sülh müqaviləsinin paraflanması daxildir.
Digər tərəfdən, Ermənistanda revanşist əhval-ruhiyyəli və destruktiv qüvvələrin mövcudluğu, beşinci kolonun fəaliyyəti, eləcə də bu qüvvələrdən kənar dairələrin istifadə etməsi prosesə maneə yaradan amillərdəndir. Bu səbəbdən Rusiya məsələsi tez-tez gündəmə gətirilir. Lakin Prezident İlham Əliyev cavabında xüsusi vurğuladı ki, Rusiyanın təsir imkanları daha çox Ermənistan üzərindədir. Ermənistan sərhədlərinin Rusiya Federal Təhlükəsizlik Xidmətinin qoşunları tərəfindən qorunması bunun bariz nümunəsidir. Bu hal Ermənistan hakimiyyəti üçün ciddi narahatlıq doğurur. Hazırda Ermənistanda rus hərbi bazasının çıxarılması ilə bağlı çağırışların səsləndirilməsi də bunu təsdiqləyir".
Deputat əlavə etdi ki, İlham Əliyevin diplomatik yanaşması Azərbaycan praqmatik xarici siyasət yürütməsini göstərir.
"Rusiya ilə münasibətlərdə isə strateji tərəfdaşlıq xarakteri daşıyan mühüm sənədlər mövcuddur. Xüsusilə 2022-ci il fevralın 22-də imzalanmış saziş bunun sübutudur. Bu baxımdan Azərbaycanın hər hansı narahatlığı yoxdur. Əksinə, risk faktorları daha çox Ermənistanı düşündürməlidir. Sualda vurğulanan coğrafiya və dəhliz məsələlərinə gəldikdə, enerji təhlükəsizliyi və nəqliyyat layihələri sahəsində Azərbaycanla Rusiya arasında səmərəli əməkdaşlıq mövcuddur. Buna görə Rusiyanın bu elementlərdən istifadə edərək Azərbaycana təzyiq göstərəcəyi ehtimal edilmir. Bununla yanaşı, bölgədə maraqları olan bəzi dairələrin anti-Azərbaycan ritorikasını gücləndirməsi və münasibətlərə zərər vurmaq cəhdləri mümkündür. Bu da hibrid təhdidlər kontekstində qiymətləndirilə bilər.
Prezidentin qısa, lakin məzmunlu cavabı bir daha göstərdi ki, Azərbaycan müstəqil və suveren siyasət yürüdür. Əgər risk faktorlarından danışılırsa, bu, ilk növbədə Ermənistan üçün keçərlidir. Azərbaycan isə qətiyyətli mövqeyi, irəli sürdüyü prinsipləri və həyata keçirdiyi siyasətlə milli maraqlara tam cavab verir. Bu siyasət regionda gərginlik yaratmağa deyil, dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasına yönəlib. Rusiyanın ali rəhbərliyi də Azərbaycanın bu səylərini dəstəkləyir. MDB-yə üzv dövlətlər və Cənubi Qafqazda tərəfdaş ölkələrin rəhbərləri də bu mövqeyi bölüşür. ABŞ Prezidenti Donald Trampın İlham Əliyevi “böyük lider” adlandırması da verilən yüksək qiymətin göstəricisidir. Prezidentin lakonik cavabı bütün bu məqamları özündə ehtiva etdi",- deyə millət vəkili yekunlaşdırdı.
Xədicə BAXIŞLI