"İlham Əliyevin təşəbbüsləri Türk Dövlətləri Təşkilatının inkişafında mühüm rol oynayır” - Jalə Əliyeva

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, Türk Dövlətləri Təşkilatı böyük potensiala malikdir. O vurğulayıb ki, Azərbaycan təşkilatın güclənməsinə daim sadiqdir, ölkələri ortaq türk kökləri birləşdirir və bu amil təşkilatı unikal edir. Əliyev, həmçinin, Türkiyə və Özbəkistanla müttəfiqlik münasibətlərini, digər üzvlərlə strateji tərəfdaşlığı qeyd edib və təşkilatın artan əhali, iqtisadi inkişafından danışıb.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Milli Məclisin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədr müavini, deputat Jalə Əliyeva bildirdi ki, İlham Əliyevin dünən “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə böyük maraq və diqqətlə qarşılandı.
"Bu çıxış dünya ictimaiyyəti tərəfindən də izlənildi. Prezidentin açıqlamalarının hər birində bir daha Azərbaycan dövlətinin və onun rəhbərinin qətiyyətli mövqeyi, dönməz iradəsi öz əksini tapdı. Müsahibədə müxtəlif sahələrə dair suallara cavab verən dövlət başçısının Türk Dövlətləri Təşkilatı ilə bağlı mövqeyi də xüsusi diqqət çəkdi. Hamıya məlumdur ki, bu təşkilatın möhkəmlənməsi və inkişafı istiqamətində İlham Əliyevin səyləri danılmazdır. Onun təşəbbüsləri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəstəyi nəticəsində Təşkilat bugünkü formatda inkişaf erməkdədir. Son dövrlərdə Türk Dövlətləri Təşkilatı ilə münasibətlərin intensivləşməsi, qarşılıqlı səfərlərin və görüşlərin artması, ölkələrin bir-birinin iqtisadiyyatına sərmayə yatırması gələcək inkişaf perspektivlərini daha aydın göstərir".
Millət vəkili əlavə etdi ki, prezidentin müsahibədəki cavabı Azərbaycanın öz köklərinə sadiq qalaraq türkdilli dövlətlərlə əlaqələri inkişaf etdirmək əzmində olduğunu nümayiş etdirdi.
"Xatırladaq ki, dövlət başçılarının Xankəndidə zirvə görüşü keçirilib, qarşılıqlı səfərlər baş tutub. Prezident İlham Əliyev yaxın günlərdə Türkmənistana da səfər edib. Türk Dövlətlərinin rəhbərlərinin onunla sıx təmasları, telefon danışıqları, təbrik mesajları və qarşılıqlı addımlar bu birliyin parlaq gələcəyinə inam yaradır. Oktyabr ayında Qəbələdə keçiriləcək növbəti görüş münasibətlərin daha da möhkəmlənməsinə və yeni uğurlu layihələrin hazırlanmasına mühüm töhfə verəcək", - deyə Jalə Əliyeva yekunlaşdırdı.
Xədicə BAXIŞLI