"Azərbaycan separatizmə qarşı mövqeyini qətiyyətlə ortaya qoyur” - Politoloqdan AÇIQLAMA

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, Azərbaycan özü ərazi bütövlüyünün pozulmasından əziyyət çəkmiş ölkə kimi bütün dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir. O vurğulayıb ki, Azərbaycan Ukraynanın və Suriyanın ərazi bütövlüyünün tərəfdarıdır və separatizmin istənilən forması ilə mübarizə aparır. Dövlət başçısı həmçinin Rusiyada azərbaycanlılara qarşı baş verən hücumlara toxunaraq, onların qətlə yetirilməsi və işgəncələrə məruz qalmasını pisləyib. İlham Əliyev bildirib ki, bu münasibətlərə zərbə vurur, məsuliyyət isə Azərbaycanın deyil, Rusiyanın üzərinə düşür.
Mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında politoloq Tural İsmayılov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsində səsləndirdiyi fikirlər həm regional, həm də beynəlxalq münasibətlər kontekstində ciddi məna daşıyır.
"İlk növbədə, Azərbaycanın bütün ölkələrin ərazi bütövlüyünü dəstəkləməsi barədə mövqeyi birmənalı və prinsipial yanaşmadır. Bu mövqe Azərbaycanın öz tarixindən qaynaqlanır, çünki ölkəmiz 30 il işğal altında qaldığı üçün ərazi bütövlüyünün pozulmasının ağrı-acısını ən yaxşı bilən dövlətlərdəndir. İlham Əliyevin Ukraynanın, Suriyanın və bütövlükdə hər bir dövlətin suverenliyi ilə bağlı söylədikləri, Azərbaycanın separatizmə qarşı qətiyyətli mübarizəsinin davamlı xətt olduğunu göstərir. Prezidentin Qarabağ nümunəsini xatırlatması təsadüfi deyil, çünki separatizm istənilən ölkənin dövlətçiliyini sarsıdan ən təhlükəli amildir. Bununla yanaşı, İlham Əliyevin Rusiya ilə münasibətlər mövzusunda sərt, amma hüquqa söykənən mesajlar verməsi diqqətçəkicidir. O, açıq şəkildə bildirdi ki, Rusiyanın Azərbaycana qarşı keçmişdə törətdiyi cinayətlər və hazırda baş verən neqativ hadisələr qarşısında susmayacaq. Xüsusilə də Rusiyada azərbaycanlılara qarşı törədilən son hücumlar və qətllərlə bağlı reaksiyası həm dövlətin, həm də xalqın mövqeyinin ifadəsidir. Prezident bu məsələni emosional deyil, siyasi və hüquqi çərçivədə təqdim etməklə əslində beynəlxalq auditoriyaya açıq mesaj göndərdi. Burada əsas vurğulanan odur ki, məsuliyyət Azərbaycana yox, qarşı tərəfə aiddir".
Siyasi şərhçi əlavə etdi ki, İlham Əliyevin “biz hörmətsizliyə dözməyəcəyik” ifadəsi həm dövlətin öz vətəndaşını müdafiə iradəsini, həm də beynəlxalq münasibətlərdə balanslı mövqedən imtina etməyəcəyini göstərir:
"Bu, Rusiyanın ikili standartlarına qarşı dolayısı ilə cavabdır. Çünki Azərbaycan Rusiya ilə münasibətlərin korlanmasının təşəbbüskarı olmadığını ortaya qoyur. Prezident açıq şəkildə vurğuladı ki, Azərbaycan yalnız konstruktiv və hüquqi cavab verir, amma təcavüzə qarşı susmaq niyyətində deyil. Bu çıxış həm də regional güc mərkəzlərinə siqnal xarakteri daşıyır. Azərbaycan mesaj verir ki, heç bir ölkənin təzyiqi ilə öz mövqeyindən geri çəkilməyəcək".
Müsahibimizin sözlərinə görə, Ukraynanın ərazi bütövlüyünü dəstəkləmək fonunda Rusiyaya sərt münasibət bildirmək, həmçinin Suriyanın birliyi məsələsini qabartmaq Azərbaycanın beynəlxalq hüquqa əsaslanan dövlətçilik konsepsiyasının ifadəsidir.
"İlham Əliyev müsahibəsində paralel şəkildə həm Cənubi Qafqaz, həm Yaxın Şərq, həm də Rusiya istiqamətində eyni məntiqli yanaşma ortaya qoydu. Nəticə etibarilə, bu çıxış Azərbaycanın prinsipial diplomatiyasını təsdiqləyir: ərazi bütövlüyü toxunulmazdır, separatizm qəbuledilməzdir, vətəndaşların hüquqları müdafiəsiz qalmayacaq. Rusiya ilə münasibətlərdə yaranmış gərginliyin günahı Bakıya aid deyil və bu da beynəlxalq aləmə ünvanlanmış əsas tezisdir", - deyə Tural İsmayılov yekunlaşdırdı.
Xədicə BAXIŞLI