"Azərbaycan TDT-nin güclənməsində və inkişafında mərkəzi rol oynayır” - Azər Badamov

 16:53 28.08.2025     142

"Türk Dövlətləri Təşkilatı (TDT) artan demoqrafiya, zəngin iqtisadi resurslar, böyük coğrafiya və hərbi gücə malikdir. Bu baxımdan böyük potensialımız TDT-nin gələcəyini digər beynəlxalq təşkilatlardan daha perspektivli edir. Təşkilatın inkişafında Azərbaycanın rolu böyükdür. O, Naxçıvanda təsis olunmuş və bu müddətdə əhəmiyyətli beynəlxalq quruma çevrilmişdir. TDT-nin güclənməsində Azərbaycan və Türkiyə arasında münasibətlərin getdikcə möhkəmlənməsi mühüm əhəmiyyət daşıyır".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Azər Badamov Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə”yə müsahibəsində Türk Dövlətləri Təşkilatı böyük potensiala malikdir fikrinə münasibət bildirərkən söylədi.

"44 günlük Vətən müharibəsində Türkiyənin ölkəmizə verdiyi mənəvi dəstək Türk dünyasının birləşməsi üçün mesaj idi. 2021-ci ildə Şuşada dövlət başçılarımızın imzaladığı Müttəfiqlik haqqında Bəyannamə ölkələrimiz arasında hərtərəfli əməkdaşlığı ehtiva etməklə yanaşı, siyasi və hərbi tərəfdaşlığı da təsdiqlədi və TDT-nin inkişafına yeni impuls verdi. Türkiyənin NATO üzvü olması və bu hərbi blokda ikinci ən böyük orduya sahib olması TDT-ni qlobal gücə çevirir. O cümlədən, Azərbaycan da regionun ən güclü ordusuna malik ölkədir. Dövlət başçımızın “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə qeyd etdiyi kimi, ordumuz gücünü paradlarda nümayiş etdirən deyil, döyüş meydanında təsdiqləmiş ordudur. Bu baxımdan, döyüş meydanında özünü sübut edən orduya malik ölkəmiz Türk Dövlətləri Təşkilatının güclənməsinə töhfə verir və regional təhlükəsizlik arxitekturasını qurur".

Deputat əlavə etdi ki, Türk Dövlətləri Təşkilatı bir çox beynəlxalq birliklərdən fərqli olaraq müxtəlif xalqları təmsil etsə də, etnik, dini və dil köklərinin eyniliyi ilə seçilir.

"Belə bir oxşarlıq beynəlxalq təşkilatlar arasında nadir haldır. Üstəlik, TDT-yə üzv dövlətlərin hər biri digərləri ilə ikitərəfli strateji münasibətlərə malikdir. Məsələn, Azərbaycanla Özbəkistan arasında imzalanan Müttəfiqlik Bəyannaməsi, eləcə də digər Mərkəzi Asiya ölkələri ilə bağlanmış strateji tərəfdaşlıq sənədləri təşkilat daxilində birliyi gücləndirir və əməkdaşlıq imkanlarını genişləndirir. TDT-yə üzv dövlətlər kasıb ölkələr deyil. Əksinə böyük iqtisadi potensiala sahib ölkələrdir. Bu isə təşkilatın beynəlxalq birliklər arasında üstünlüyünü formalaşdırır. Üzv ölkələrdə demoqrafik artımın yüksək olması işçi qüvvəsinin çoxluğunu təmin edir ki, bu da layihələrin icrasında və hərbi gücün artmasında özünü göstərir.

Türk Dövlətləri Təşkilatına üzv ölkələr həm də böyük bir coğrafiyanı əhatə edir. Onlar təkcə təşkilat daxilində iqtisadi əməkdaşlığı genişləndirmir, həm də qlobal bazarlara çıxış imkanlarını beynəlxalq tərəfdaşlara təqdim edirlər. Çindən başlayan Orta Dəhliz Mərkəzi Asiyadakı üzv dövlətlərdən keçərək Azərbaycan və Türkiyə üzərindən Avropaya qədər uzanır. Bu isə qlobal iqtisadiyyata inteqrasiya baxımından TDT-nin verdiyi töhfələrin mühüm olduğunu göstərir".

Müsahibimizin sözlərinə görə, Azərbaycan TDT-nin ürəyidir, çünki dövlət başçımızın uzaqgörən siyasəti ilə ərsəyə gətirilən Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, eləcə də yaxın vaxtlarda açılacaq Zəngəzur dəhlizi təşkilatın üzvləri üçün böyük imkanlar açır.

"Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibədə TDT-nin gələcəyi ilə bağlı ifadə etdiyi fikirlər bu təşkilatın əsl məramını təsvir edir. Dövlət başçımız vurğuladı: “Ona görə də biz onu konkret layihələrlə, investisiyalarla, enerji, daşımalar, mədəniyyət layihələri ilə möhkəmləndirməliyik. Mən gələcəkdə bu təşkilatı mühüm qlobal iştirakçılardan biri kimi görürəm. Beləliklə, məqsədimiz yalnız daxili məsələlərlə məşğul olmaq deyil, beynəlxalq arenada rol oynamaq, sabitləşdirici və müsbət təsir göstərən, qonşular üçün imkanlar yaradan qlobal oyunçuya çevrilməkdir.” Beləliklə, Türk Dövlətləri Təşkilatı böyük coğrafiyada təhlükə mənbəyi deyil, əksinə sülh, inkişaf və əməkdaşlıq missiyasını həyata keçirən güc kimi formalaşır", -deyə Azər Badamov yekunlaşdırdı.

Xədicə BAXIŞLI

Vumart və Güvən reklamı Vumart Güvən