"İsrail qonşusu olan Livanın da ələ keçirilməsi prosesinə start verəcək" - ŞƏRH

İsrailin xarici işlər naziri Gideon Saar Fələstin dövlətinin mövcudluğu ideyasını rədd edib.
Redaktor.az-a açıqlama verən politoloq Zeynal Əmrəliyev bildirdi ki, İsrail açıq şəkildə Fələstin dövlətinin yaradılmasını rədd edir və həm hərəkətləri, həm də açıqlamaları məhz bu yöndədir.
"Qəzza bölgəsində həyata keçirilən əməliyyat da HƏMAS-ın məhv edilməsindən daha çox, Fələstin dövlətçiliyinin ortadan qaldırılmasına yönəlib. Fələstin dövlətinin yaradılması İsrailin hazırkı siyasətinə ciddi şəkildə mane olur. Çünki İsrail İordan çayının sahillərində və Qüdsün şərq hissəsində kütləvi şəkildə yəhudi yaşayış məskənləri salır. Əgər Fələstin dövləti qurularsa, BMT qərarı əsasında bu torpaqlar həmin dövlətə düşəcək. Fələstin də öz torpaqlarını İsraildən geri tələb edəcək. İsrailin həmin torpaqları qaytarması isə yəhudi yaşayış məskənlərinin sökülməsi deməkdir ki, bu da mümkün deyil. Yəni İsrail bunu istəmir və həmin əraziləri özünə birləşdirmək niyyətindədir".
Onun sözlərinə görə, prosesə Amerika Birləşmiş Ştatları da açıq şəkildə dəstək verir.
"Məlum olduğu kimi, Donald Tramp prezidentliyi dövründə Qüds şəhərini İsrailin vahid və bölünməz paytaxtı kimi tanımış, hətta ABŞ səfirliyinin Qüdsə köçürülməsi barədə əmr vermişdi. Hazırda da Tramp administrasiyası faktiki olaraq İordan çayının sahilini İsrailin ərazisi kimi tanıyır və paralel şəkildə İsrailin Qəzza bölgəsində həyata keçirdiyi siyasəti dəstəkləyir. Qəzza bölgəsində İsrail insanların oradan köçməsi üçün hər vasitəyə əl atır. Kütləvi bombardman siyasəti aparır, insanları qaçqın vəziyyətinə salmağa çalışır. Əsas məqsəd isə Qəzza bölgəsini ələ keçirərək dağıtmaq, sonra isə burada yeni yəhudi yaşayış məskənləri salmaq və Qəzzanı İsrailə birləşdirməkdir".
Politoloq qeyd etdi ki, faktiki olaraq İsrail hazırda Fələstin dövləti üçün ayrılmış ərazilərin işğalı prosesini bütün dünyanın gözü qarşısında həyata keçirir.
"İsrailin xarici işlər naziri Gideon Saar və digər rəsmilər də açıq şəkildə bəyan ediblər ki, Fələstin dövlətinin yaradılmasına imkan verilməyəcək. Əgər beynəlxalq ictimaiyyət buna müdaxilə etməsə, Fələstin dövlətçiliyi anlayışı ümumiyyətlə silinəcək. Belə bir dövlət mövcud olmayacaq. Çünki İsrail Fələstin üçün ayrılmış bütün torpaqları ələ keçirərək öz ərazisinə qatır. Hətta mən deyərdim ki, yaxın gələcəkdə İsrail qonşusu olan zəif dövlət Livanın da ələ keçirilməsi prosesinə start verəcək". - deyə Z.Əmrəliyev vurğuladı.
Aytəkin TOFİQQIZI