"İrandakı bəzi qurumlar Pezeşkianın Azərbaycanla əlaqələrini sabotaj etməyə çalışacaq"

Prezident İlham Əliyev “Əl-Ərəbiyyə”yə müsahibəsində bildirib ki, İran ilə Azərbaycan arasında münasibətlər çox konstruktiv və mehribandır. O qeyd edib ki, İran Prezidenti azərbaycanlıdır, Azərbaycan dilində danışır və bu, şəxsi və işgüzar əlaqələri asanlaşdırır. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan siyasətini yalnız rəsmi İran rəhbərlərinin mövqeyinə əsaslanaraq qurur, keçmiş rəsmilərin və müşavirlərin fikirləri əhəmiyyət daşımır. İlham Əliyev əlavə edib ki, Zəngəzur dəhlizi İran üçün təhlükə deyil.
Redaktor.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirdi ki, prezident vurğulayıb ki, İran Ali dini rəhbərinin müşavirlərinin bəyanatlarını rəsmi qəbul etmir və onların fikirləri heç bir önəm daşımır.
"Azərbaycan yalnız İran Prezidenti və onun administrasiyasının mövqeyini rəsmi hesab edir. Dövlət başçısı qeyd edib ki, İranın ali dini rəhbəri və ona tabe olan qurumlar Azərbaycan dövləti tərəfindən tanınmır və bu, ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir, çünki həmin qruplar Azərbaycana qarşı anti-təbliğata davam edirlər. Eyni zamanda prezident bildirib ki, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycanla münasibətləri müsbətdir".
Siyasi şərhçi qeyd etdi ki, Pezeşkianın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi sabitdir və o, İran xalqının iradəsini təmsil edir.
"Dövlət başçısı Prezident Pezeşkianla münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb və onun istedadlı, eyni qanı daşıyan və eyni dildə danışan şəxs olduğunu qeyd edib. Bu açıqlama iki dövlət arasındakı münasibətlərin müsbət istiqamətdə inkişafına təkan verəcək. Lakin Prezident diqqətə çatdırıb ki, İrandakı bəzi qurumlar Pezeşkianın Azərbaycanla əlaqələrini sabotaj etməyə çalışa bilər. Onların əməllərinə baxmayaraq, İran Prezidenti və administrasiyası münasibətləri müsbət və yüksək səviyyədə saxlamağa çalışır. Prezidentin fikrincə, Azərbaycan-İran münasibətləri normal olaraq qalacaq və möhkəm əsaslara söykənəcək", - deyə müsahibimiz yekunlaşdırdı.
Xədicə BAXIŞLI