“Liderlər arasında etimad mühiti durmadan genişlənir"
Xəbər verdiyimiz kimi, Çində səfərdə olan Prezident İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan ayaqüstü söhbət ediblər.
Liderlərin görüşünü Redaktor.az-a şərh edən politoloq Tofiq Abbasov bildirdi ki, görüşlə bağlı xüsusilə vurğulanacaq məqam ondan ibarətdir ki, Əliyevlə Paşinyan arasında etimad mühiti durmadan genişlənir, dərinləşir və möhkəmlənir:
.jpg)
"Bu, postmüharibə dövrü üçün son dərəcə vacib məsələdir. Çünki hazırda liderlər güc vasitəsinin tətbiqinə deyil, daha çox yumşaq gücün istifadəsinə üstünlük verirlər. Bu isə region üçün olduqca əhəmiyyətli gözləntidir. Təxminən 40 ilə yaxındır ki, Ermənistanın radikal dairələrinin ucbatından bölgə əziyyət çəkib. Müharibə başa çatıb, üstündən beş il keçsə də, Ermənistanda yenidən revanşist qüvvələr baş qaldırır. Onlar müxtəlif manevrlərlə Azərbaycana və Türkiyəyə təzyiq göstərməyə, guya yeni müharibəyə başlamaq imkanlarının olduğunu nümayiş etdirməyə çalışırlar. Əslində isə Rəcəb Tayyib Ərdoğan, prezident İlham Əliyev və baş nazir Nikol Paşinyanın xanımları ilə bir araya gəlməsi onu göstərir ki, dialoqun formatı genişlənir. Birinci xanımların rolunun böyük olduğu məlumdur. Azərbaycanın birinci xanımı Mehriban Əliyeva mühüm təşəbbüslərlə çıxış edir. O, Heydər Əliyev Fondu vasitəsilə, həm də şəxsi təşəbbüsləri ilə çoxsaylı layihələr həyata keçirib. Humanitar sahədə innovativ yanaşmalar nümayiş etdirib: uşaqların, böyüklərin, müharibə iştirakçılarının, qazilərin müalicəsini təşkil edib. Gənclərin, intellektual potensialı olan şəxslərin xaricdə təhsil almasına şərait yaradıb, maliyyəsini qarşılayıb. Bütün bunlar cəmiyyətin gələcəyə hazırlanmasına xidmət edən təşəbbüslərdir".
Müsahibimiz əlavə etdi ki, dünya birliyində hazırda dərin və ağrılı transformasiyalar yaşanır:
"Köhnə nizam hələ tamamilə aradan qalxmayıb, yeni sistem isə doğulmaq üzrədir. Bəzi qüvvələr isə bu keçid dövründən öz mənfur ideyalarını həyata keçirmək üçün istifadə edirlər. Onlar ictimai fikri yayındırır, insanları düzgün yoldan uzaqlaşdırırlar. Belə halda insanlar daha ayıq-sayıq olmalı və seçim imkanlarını düzgün dəyərləndirməlidirlər. Yumşaq gücün istifadəsinin genişlənməsi isə gənclər üçün stimul yaradır. Onlar təşəbbüskar olmalı, liderlərdən və birinci xanımlardan nümunə götürməlidirlər. Şanxayda, eləcə də Çinin digər şəhərlərində liderlərin xanımları ilə iştirakı simvolik xarakter daşıyır və böyük coşqu doğurur. Müharibələrdən sonra insanların qəlbində nisgil qalır, itkilər dərin hisslər doğurur. Bu təbii olsa da, həyat davam edir. İnsanlar yalnız yaşadıqlarına görə təsəlli tapmamalı, həm də yeni təşəbbüslərlə çıxış etməli, gedənlərin xatirəsini əbədiləşdirməyə çalışmalıdırlar. Çünki bir çox şəhidin övladları atasız böyüyür. Dövlət isə onların yanında olur, problemləri diqqətdə saxlayır, dəstək göstərir. Bu əməkdaşlıq insanlara özünü ifadə etmək və yeni imkanlardan yararlanmaq imkanı verir.
Üçtərəfli görüşdə birinci xanımların iştirakı da xüsusi təqdirəlayiqdir. Bu, çoxdan gözlənilən məqam idi. Görüşün sərbəst və tolerant formada keçirilməsi, iştirakçıların ab-havası, səmimi gülüşləri, mülayim münasibətləri göstərir ki, onlar prosesə böyük coşqu və istəklə qoşulublar. Bu görüş həm də Azərbaycan rəhbərliyinin daim vurğuladığı fikri təsdiqləyir: müharibə bitib, artıq güc vasitəsinin istifadəsindən imtina edilməli, yeni səhifə açılmalıdır. O səhifənin sətirləri isə məzmunlu, predmetli və dolğun olmalıdır. Birinci xanımların da qarşıdakı məsələlərlə bağlı baxışları və ideyaları var və onların uğurla həyata keçiriləcəyi şübhəsizdir".
Nuriyyə NATİQQIZI













