Azərbaycan və Çini bir-birinə bağlayan nədir?

 18:02 02.09.2025     886

"Azərbaycan və Çin arasındakı münasibətlər ilbəil bütün sahələrdə sürətlə inkişaf etməkdədir. İki ölkə arasındakı qarşılıqlı faydalı əməkdaşlıq dövlət başçılarının səfərləri, görüşləri və əldə olunan nəticələrdə özünü göstərir. Cənab Prezidentin artıq bu il, 2025-ci ildə Çinə ikinci səfəridir. Aprel ayının 23-də dövlət başçımız Çinə səfər edib və həmin görüşlər iki ölkə arasında əməkdaşlığın inkişafına və genişlənməsinə böyük töhfə verdi".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov Prezident İlham Əliyevin Çinə səfəri ilə yaranan yeni Azərbaycan-Çin əlaqələrindən danışarkən bildirdi. O, əlavə etdi ki, 2024-cü ildə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının zirvə sammitində Azərbaycan və Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında birgə bəyannamə qəbul edilib:

"Həmin sənəddə bir çox vacib məsələlər əksini tapıb və onların icrası mərhələli şəkildə həyata keçirilir. Təbii ki, iki ölkə arasında viza rejiminin ləğvi bütün sahələrdə inkişafımıza güclü təkan verəcək. Bu, turizm, ticarət, iqtisadiyyat və siyasət sahələrində əlaqələri stimullaşdırır. Xüsusilə ticarət dövriyyəsi və turizm sektorunda irəliləyişlər artıq hiss olunmaqdadır. Çindən Azərbaycana gələn turistlərin sayı sürətlə artır. Ötən il ərzində 45 min nəfər Çin vətəndaşı ölkəmizi ziyarət etmişdisə, cari ilin ilk yarısında bu göstərici artıq həmin rəqəmi üstələyib. Digər mühüm məqam iki ölkə arasında ticari-iqtisadi əlaqələrin dinamik inkişafıdır. 2024-cü ildə Azərbaycanla Çin arasında ticarət dövriyyəsi 20,7 faiz artaraq 3,75 milyard dollara çatıb. Hazırda Çin Azərbaycanın dördüncü ən böyük xarici ticarət tərəfdaşıdır və bu tərəfdaşlıq gündən-günə daha da möhkəmlənir".

Millət vəkilinin sözlərinə görə, Azərbaycanı və Çini birləşdirən mühüm nəqliyyat dəhlizləri də əməkdaşlığın əsas istiqamətlərindəndir:

"Azərbaycan Orta Dəhlizin inkişafını dəstəkləyir, Şimal-Cənub və Şərq-Qərb dəhlizlərinin ölkə ərazisindən keçməsinə töhfə verir. Bu da Çini məmnun edir və Azərbaycanın dəstəyi ilə Orta Dəhlizin əhəmiyyəti sürətlə artır. Bu marşrut vasitəsilə Çindən Avropaya yükdaşımalar daha qısa və rentabelli hala gəlib ki, bu da həm Çin, həm də digər ölkələr üçün böyük üstünlüklər deməkdir. Hazırda Azərbaycan Şərq-Qərb dəhlizinin yükdaşıma potensialının artırılması istiqamətində mühüm addımlar atır. Bakı–Tbilisi–Qars dəmir yolunun Gürcüstan hissəsinə əlavə olaraq 100 milyon dollar investisiya yatırılıb və yolun yükdaşıma qabiliyyəti 1 milyon tondan 5 milyon tona çatdırılıb. Gələcəkdə Zəngəzur dəhlizinin açılması da bu əməkdaşlığa böyük impuls verəcək. Ümumilikdə, Azərbaycanla Çin arasında ticarət, istehsalat, kənd təsərrüfatı, nəqliyyat, telekommunikasiya, alternativ enerji və sosial sahələrdə əlaqələr sürətlə inkişaf edir. Cənab Prezidentin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının “ŞƏT Plus” konfransında iştirakı və orada aparılacaq müzakirələr iki ölkə arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasına təkan verəcək".

Nuriyyə NATİQQIZI

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusu üzrə dərc olunub.

2
Vumart və Güvən reklamı Vumart Güvən